“Qoruyucu maskalar insanı yoluxmadan qorumalıdır, ancaq müqayisə göstərir ki, bu, heç də bütün növ maskalara aid deyil”. Musavat.com-un məlumatına görə, bu barədə Avstriyanın “Der Standart” nəşrindəki məqalədə deyilir.
“Bir çox Asiya ölkələrində qrip zamanı qoruyucu maskaların taxılması – adi haldır. Koronavirusdan sonra bizdə də hər yerdə buna rast gəlmək olar. Bu zaman maska ehtiyatı azalır. Maska defisit mala çevriləndə isə insanların ixtiraçılığı özünü göstərir”, – deyə məqalədə qeyd olunur.
“Der Standart” daha sonra yazır: “İnternetdə parçadan necə maska hazırlamaq barədə təlimatlar tapmaq olar. Ancaq kimlər ki, bu variantı seçir, bilməlidir: parça viruslardan qorumur. Hərçənd kəskin respirator infeksiyaya tutulan və küçəyə çıxmaq, ictimai yerlərdə olmaq zorunda qalan şəxslərin istənilən şəkildə müdafiə olunmasının, hətta adi parçadan hazırlanmış maska taxmasının anlamı var. Çünki bu halda hər necə olmasa, başqalarını yoluxdurma riski qismən azalmış olur. Bunu qəzetə Robert Kox adına İnstitutdan bildiriblər. Ona görə ki, üzdəki maneə öskürək və asqırıq zamanı ətrafa yayılan maye damcılarını əngəlləyir”.
Vyana Tibb Universiteti nəzdində Gigiyena İnstitutunun əməkdaşı Miranda Suxomel isə nəşrə bildirib ki, bununla belə, sağlam adamların ictimai yerlərdə yoluxmadan qorunmaq üçün parça və kağızdan maskalar taxması məqsədəuyğun deyil və daha çox “psixoloji qorunma” anlamı daşıyır: “Hansı növdən olması vacib deyil, maska onu taxanlara yalançı təhlükəsizlik hissi aşılayır. Parça Covid-19 kimi virusların buruna və ya ağıza girməsini önləməyə bilməz, nədən ki, virus çox kiçikdir və istifadə olunan maska qat-qat sıx materialdan olmalıdır. Üstəlik, optimal müdafiə üçün maskaları düzgün geymək lazımdır. Maska burun və ağzı bağlamalı, sifətə kip yapışmalıdır. Əgər onunla üz arasında azacıq boşluq varsa, onu taxmağın mənası qalmır. Robert Kox adına İnstitut bu xüsusda onu da bildirir ki, saqqalı olan insanların düzgün maska taxması qeyri-mümkün görünür”.
Məqalədə cərrahi maskaların da koronavirusdan effektli qorumadığı və xüsusi qoruyuculara ehtiyac olduğu vurğulanır: “Cərrahi maskalar bir neçə qat kağızdan və ya filisdən ibarət olur və ipləri vasitəsilə qulaqlara və ya başın arxasına bağlanır. Fəqət, belə maskalar virusdan qorumur, ona görə ki, onların materialı Covid-19-u orqanizmə buraxmayacaq qədər sıx deyil. Robert Kox adına İnstitutun məlumatına görə, cərrahi maskaların sağlam insanı yoluxmadan qoruduğuna dair kifayət qədər dəlil yoxdur. Ümumdünya Səhiyyə Təşkilatı, Robert Kox adına İnstitut, Avstriyanın Sağlamlıq və Qida Məhsullarının Təhlükəsizliyi məsələləri üzrə Agentliyi insanların maskalar vasitəsilə özlərini tutaq ki, metroda, mağazalarda qorunmasını məsləhət görmür. Onlar hesab edir ki, maska yalançı təhlükəsizlik hissi yaradır. Bu üzdən adamlar daha vacib gigiyenik tədbirləri, o sırada əllərin vaxtaşırı yuyulmasını, üzə toxunmamağı, məsafəni gözləməyi və düzgün asqırmağı unudurlar”.
Bölməyə aid digər xəbərlər