23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Toy və yas qadağası sentyabradək uzadılacaq? – Rəsmi

Toy və yas qadağası sentyabradək uzadılacaq? – Rəsmi

gununnebzi.az Ölkədə xüsusi karantin rejimi başlayandan şadlıq saraylarının işi tamamilə dayanıb. Hər il yalnız Məhərrəmlikdə işləməyən şadlıq evləri bu il həm də koronavirus pandemiyası səbəbindən bağlanıb.

Mayın 4-dən sonra vəziyyətin necə olacağını təxmin etmək mümkün deyil. Sabahdan isə Ramazan ayı başlayır. Lakin bəzi şadlıq evləri formal da olsa, toy sifarişlərinin qəbuluna başlayıblar. Artıq restoranlarda iyun-iyul ayları üçün boş yer yoxdur.

Bu barədə “Xəzər” TV-nin reportajında qeyd edilib. Şadlıq saraylarının sahibləri ümid edirlər ki, yay aylarında toylar baş tutacaq. Restoran inzibatçılarının dediyinə görə, may-iyun aylarında bütün günlər sifariş edilib. Yəni həftənin hər gününə toy yazılıb. Onu da bildiriblər ki, aprelin 25-dən mayın 25-dək orucluq olsa da, mayda toy etmək istəyənlər kifayət qədərdir. Toyların bir hissəsi isə karantindən əvvəlki rezervlərdir.

Amma may və iyuna sifarişlər olması heç də şadlıq evlərinin fəaliyyətinə icazə verilməsi kimi qiymətləndirilə bilməz. Məlumatlar var ki, toylar, habelə yas mərasimləri sentyabra qədər qadağan edilə bilər. Çünki Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) pandemiyanın ikinci dalğasının olacağını istisna etmir, Azərbaycanla qonşu olan ölkələrdə vəziyyət ürəkaçan deyil, özümüzdə isə yoluxmalar azalmağa doğru getməsinə baxmayaraq, hər gün yoluxanların statistikası açıqlanır. Ona görə toy və yas mərasimlərinin belə tezliklə ənənəvi şəkildə keçirilməsinə icazə verilməsi yoluxma riskini artıra bilər. Nəzərə almaq lazımdır ki, insanların kütləvi toplaşdığı, sıx təmas olan yerlərdən biri də xeyir və şər məclisləridir.

Üstəlik, toylarda və yaslarda insanlar bir-biri ilə öpüşüb-görüşür, əl sıxır, qucaqlaşırlar və bu cür sıx təmas məhz yoluxmaya perspektiv açır. Bu halda toy və yas mərasimlərinə qadağa sentyabra qədər uzadıla bilərmi?

Respublikanın Baş infeksionisti, Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü Cəlal İsayev Musavat.com-a bildirdi ki, xeyir-şər evlərinin may ayında işləməsinin tərəfdarı deyil.

Onun sözlərinə görə, məsafə gözlənilməli, təmas saxanılmalıdır: “Onsuz da mayda bizim insanlar toy etmirlər. Yəni belə inanc var ki, mayda toy eləməzlər. Üstəlik, orucluğa düşür və çox insan toy eləmir”.

C.İsayev toy və yas mərasimlərinin sentyabra qədər qadağan olunacağını güman etmir: “Düşünmürəm ki, bu qədər uzana bilər. Üstəlik, yay aylarında, isti havada viruslar ölür. Ona görə toy və yas qadağalarının bu qədər uzanacağını gözləmirəm. Sadəcə, payızda havalar sərinləşir, viruslar təzədən aktivləşir. Virus payız fəslində yenidən qayıda bilər”.

Baş infeksionist qeyd etdi ki, Azərbaycanda yoluxma sayında azalma, sağalanların statistikasında artım davam edərsə, mayın 4-dən sonra karantin tədbirləri yumşaldıla bilər: “Amma mən mayda metronun açılmasının, yas və toy mərasimlərinin keçirilməsinə icazə verilməsinin tərəfdarı deyiləm”.

Onu da deyək ki, dəfn mərasimləri istisna olmaqla, qapalı məkanlarda keçirilən yas yığıncaqlarına qadağa qoyulub. Eynilə, 14 və 15 mart tarixlərinə əvvəlcədən təyin olunmuş toy mərasimləri istisna olmaqla, bütün toy məclislərinin keçirilməsinə də icazə verilmir.

Qeyd edək ki, ölkəmizdə 1548 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyənləşib. Onlardan 948 nəfər müalicə olunaraq sağalıb, 20 nəfər vəfat edib, 580 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.


Tarix: 24-04-2020, 17:00 Oxunub: 129


Bölməyə aid digər xəbərlər