Ölkədə pandemiya ilə mübarizə üçün görülən tədbirlər daha da gücləndirilir. Vətəndaşların karantin qaydalarına ciddi riayət etməsi üçün mütəmadi olaraq maarifləndirici məlumatlar paylaşılır. Buna baxmayaraq, insanlar arasında bu virusa hələ də inanmayanlar var.
Bəzi insanları virusa qarşı vaksinin, hər hansı konkret dərman preparatının olmadığı halda sağalan insanlarla bağlı deyilən rəqəmlər, bəzilərini test nəticələrinin yanlış ola bilmə ehtimalı, bəzilərini isə virusdan sağalan insanın yenidən yoluxma ehtimalının olub-olmaması maraqlandırır.
Vaksin yoxdursa, insanlar necə sağalır? Sağalma dedikdə tam olaraq nə nəzərdə tutulur?
Bu və digər suallarımıza isə həkim-cərrah Bəxtiyar Musayev cavab verib.
Moderator.az oxu.az-a istinadən iyunun 11-dən pandemiya xəstəxanası kimi fəaliyyət göstərən Mərkəzi Gömrük Hospitalının rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayevlə müsahibəni təqdim edir:
- 20 gündən çoxdur ki, COVID-19 xəstələrinin müalicəsini aparırsınız. Hospital koronavirus xəstələrini qəbul etmək üçün tam hazırdırmı? Bunun üçün hansı tədbirlər və hazırlıq işləri görülüb?
- Bizimlə həmsərhəd olan ölkələrdə, xüsusilə İran İslam Respublikasında koronavirus infeksiyası sürətlə yayılmağa başladığı vaxtdan Azərbaycanda ölkə rəhbərliyinin tapşırığı ilə Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən sərhəd buraxılış məntəqələrində sanitar-karantin tədbirlərinin gücləndirilməsi istiqamətində işlər başlanıldı.
Eyni zamanda, xəstəliyin ölkəmizdə də yayılmasının və Mərkəzi Gömrük Hospitalının koronavirus xəstələrinin müalicəsinə cəlb edilməsi ehtimalının yüksək olmasını nəzərə alaraq, DGK tərəfindən fevral ayından tibb xidmət idarəsinə, onun nəzdində olan Mərkəzi Gömrük Hospitalına müvafiq göstərişlər verilib.
Qısa müddətdə hospital lazımi miqdarda süni tənəffüs aparatları ilə təchiz olunub, müasir standartlara cavab verən PCR laboratoriyalar qurularaq işə salınıb və ECMO cihazı alınıb. Eyni zamanda, tələb olunan dərman preparatları və fərdi qoruyucu vasitələrin ehtiyatı yaradılıb. Həmin vasitələrin düzgün istifadəsinə (geyinib-soyunma, dezinfeksiya, utilizasiya qaydaları və s.) aid hospitalın personalı ilə çoxsaylı treninqlər keçirilib.
Hospital yaşıl (təmiz), sarı (şərti təmiz) və qırmızı (kirli) zonalara bölünüb. Personal və xəstələr üçün biri-biri ilə kəsişməyən təmiz və kirli keçidlərə ayrılıb. İşlənmiş fövqəladə qoruyucu vasitələrin dezinfeksiya və utilizasiya qaydalarına xüsusi diqqət yetirilib.
Eyni zamanda, xəstəxanaya müraciət edən xəstələrin vəziyyətinin qiymətləndirilməsinə, diaqnostikası və ağırlıq dərəcəsindən asılı olaraq müalicəsinə aid protokollar əldə edilib.
- Koronaviruslu xəstələrlə çalışan həkimlərin yorğunluğunu nəzərə alaraq, iş saatı, geyimləri və digər məqamlar necə tənzimlənir?
- Hospitalda koronavirusla mübarizə aparan bütün personal lazımi miqdarda fərdi qoruyucu vasitələrlə həm DGK, həm də TƏBİB tərəfindən tam təmin edilir. Bura birdəfəlik maskalar, kombinezonlar və əlcəklər, xüsusi eynəklər və çəkmələr aiddir.
Tibbi personal 6-8 saatlıq növbələrlə 14 gün müddətində çalışır. Sonra isə növbəti 14 gün üçün yeni qrupla əvəzlənir. Ailə və yaxınları ilə ünsiyyətini məhdudlaşdırmaq məqsədilə həmin müddətdə işçilərimizi bu məqsədlə ayrılmış hoteldə yerləşdirmişik.
Onu da qeyd edim ki, fərdi qoruyucu vasitələrin düzgün istifadəsi koronavirusa yoluxmuş xəstələrlə işləyən zaman yoluxma riskini minimuma endirsə də, əsasən, reanimasiya şöbəsində xəstələri süni ventilyasiya aparatına qoşan və ayıran zaman yoluxma riski mövcuddur.
Bununla belə, nəinki tibb işçiləri, eləcə də, əhalinin digər qruplarının karantin şərtlərinə riayət etmədən lazımsız halda ictimai yerlərdə olması zamanı yoluxma riski qat-qat daha çoxdur.
- Hospitala COVID-19 xəstələrinin qəbulu necə həyata keçirilir? Onları kim qəbul edir? Təyinatı və yerləşdirilməsi hansı formada aparılır?
- Ümumiyyətlə, Mərkəzi Gömrük Hospitalına xəstələr artıq təsdiq olunmuş COVID-19 diaqnozu ilə daxil olur. Xəstələrin hospitala gətirilməsi ilə “103” xidməti məşğuldur. Xəstələr xüsusi ayrılmış keçid vasitəsilə təcili tibbi yardım şöbəsinə daxil olurlar. Orada xəstələr ilkin yardım və ağırlıq dərəcəsinə görə müvafiq çeşidləmədən sonra aidiyyəti üzrə şöbələrə yerləşdirilirlər.
Hospitalın təcili tibbi yardım şöbəsi bunun üçün tələb olunan dərman preparatları və avadanlıqla təchiz olunub. Lazım gəlsə, hətta kəskin tənəffüs çatışmazlığı müşahidə olunan xəstələr elə burada da intubasiya olunaraq, ağciyərlərin süni ventilyasiya aparatına qoşulub, dərhal reanimasiyaya və intensiv terapiya şöbəsinə köçürülürlər.
Reanimasiya şöbəsində müalicəyə ehtiyacı olmayanlar isə müvafiq laborator analizlər və kompüter tomoqrafiyası (KT) aparıldıqdan sonra mövcud olan stasionar şöbələrdən birində yerləşdirilir. Xəstələrin müalicəsi həkimlərimiz tərəfindən TƏBİB-in bizə ayırmış mütəxəssisləri ilə müvafiq protokollar əsasında həyata keçirilir.
Xəstələrin vəziyyətlərinə nəzarətdə, təyinatların yerinə yetirilməsində ardıcıllığın təmin edilməsi üçün hər 6-8 saatdan bir növbələr arasında mütləq təhvil-təslim prosesi aparılır.
- Məlumdur ki, xəstələrin müəyyən faizi üçün süni tənəffüs aparatından istifadə tələb olunur. Bu aparatların sayı ilə bağlı isə müəyyən çatışmazlıq var. Xəstələrin sayının həndəsi silsilə ilə artımı ilə sağalanların sayı arasında ciddi fərq var. Mərkəzi Gömrük Hospitalında bununla bağlı hər hansı çətinlik olurmu?
- Xeyr. Mərkəzi Gömrük Hospitalı pandemiyadan əvvəl də yetərli qədər tibbi avadanlıqla təchiz olunmuşdu. Pandemiya Azərbaycanda müşahidə olunandan sonra da DGK rəhbərliyi tərəfindən çox qısa müddətdə əlavə süni ventilyasiya aparatları da alınıb. İstər dərman təchizatı, istər avadanlıq tərəfdən ehtiyaclarımız tam təmin olunub.
- Əməkdar artist Bəhram Bağırzadə Mərkəzi Gömrük Hospitalında müalicə olunur. Vəziyyəti çox ağır olduğu üçün bir müddət ECMO aparatına bağlı saxlanıldı. Artıq bir neçə gündür ECMO cihazından ayrılıb. Belə fikirlər var ki, ECMO cihazından ayrılan xəstənin orqanlarının yenidən öz fəaliyyətini bərpa etməsi nisbətən çətin olur. Zəhmət olmasa, həm bu cihazın tibbi tərəfləri barədə, həm də B.Bağırzadənin vəziyyəti ilə bağlı məlumat verin.
- Bəli, artıq bir həftədir ki, Bəhram Bağırzadə ECMO cihazından ayrılıb. Yalnız xəstə hələ süni ventilyasiya aparatına qoşulu vəziyyətdədir. Bu müddətdə Bəhram Bağırzadənin ümumi vəziyyətində, laborator göstəricilərdə, ağciyər toxumasının vəziyyətində müsbət dinamika qeyd edilir.
Artıq onun huşu da tam bərpa olub. Təbii ki, onun süni ventilyasiya aparatından ayrılma məsələsindən danışmaq bir qədər tezdir. Lakin düşünürəm ki, proses belə getsə, yaxın gələcəkdə daha sevindirici xəbərlər verə biləcəyik.
ECMO cihazına gəlincə, bu cihaza qoşulma reanimasion tədbirlərdə kəskin ağciyər və ya ağciyər-ürək çatışmazlığı olan xəstələrdə bir növ son addımdır. Təəssüflər olsun ki, ECMO cihazına qoşulma qısamüddətli olmur. Adətən, günlər və həftələr çəkir.
Tibbi ədəbiyyatda hətta iki aya qədər müddət də göstərilib. ECMO - ekstrakorporal membran oksigenlənmə cihazıdır. İnsan bədənindən qan kütləsi götürülür, cihazın içərisində olan xüsusi membranlar üzərində oksigenlə zənginləşdirilərək, insan bədəninə qaytarılır. Bu, çox ciddi, incə bir prosesdir. Xəstələr məcburi yüksək dozada qan durulducu dərman maddələri alır.
Təbii ki, ECMO aparatının istifadəsi zamanı spesifik ağırlaşmalar müşahidə edilə bilər. Bu, xüsusi tibbi ədəbiyyatda da geniş işıqlandırılıb. Belə ki, tromembolik ağırlaşmalar, müəyyən qanaxmalara meyillilik, hemorragik insult və s. misal göstərmək olar.
Bəhram Bağırzadənin ECMO aparatına qoşulduğu müddətdə biz belə ciddi ağırlaşmalarla rastlaşmadıq, onu aparatdan ayıra bildik. Qeyd etdiyim kimi, bir neçə gündür müsbət dinamika müşahidə edirik.
Oxucularımız onu da bilsin ki, ECMO aparatı reanimasion tədbirlərdə ən son addım olsa da, heç də tam təminatlı bir üsul deyil. Özünəməxsus ağırlaşmaları olan dəstəkləyici bir müalicə üsuludur. ECMO bir növ insanın ürək və ya ağciyəri öz vəzifəsini yerinə yetirə bilməyəndə, süni ürək-ağciyər kompleksi rolunu oynayır.
Bunu da vurğulamaq istərdim ki, Azərbaycanda koronaviruslu xəstənin ECMO-ya qoşulması elə ilk dəfə Mərkəzi Gömrük Hospitalında icra edildi, müvəffəqiyyətlə də başa çatdırıldı. Bu da bizim reanimatoloqlarımızın, kardio-cərrahlarımızın birgə əməyinin nəticəsidir.
- Tibb işçilərimizin gərgin rejimdə çalışdığı hamıya bəllidir. Xəstələrin vəziyyətinin stabil saxlanılması çətindir. Yüngül simptomlu xəstələr bir müddət sonra reanimasiyaya, reanimasiyadakı ağır xəstələr isə normal palataya köçürülə bilir. Bu müalicə müddətində hospitalda çalışan həkimlər hansı çətinliklərlə qarşılaşır?
- Düzgün buyurursunuz. Əvvəlcə bir məqama toxunmaq istəyirəm ki, koronavirus infeksiyası nəinki bizim üçün, bütün dünya üçün yeni, gözlənilməz bir problem oldu. Çin, Türkiyə, Rusiya, Amerika Birləşmiş Ştatları, Avropa ölkələri ərazilərində bu xəstəlik sürətlə yayılmağa başlayarkən, çox qısa zamanda onun diaqnostikası və müalicəsinə aid protokolların hazırlanması məcburiyyəti qarşısında qaldılar.
Artıq mart ayının əvvəllərində ölkəmizdə də TƏBİB tərəfindən müvəqqəti rəhbərlik, yəni COVID-19-a yoluxmuş xəstələrin çeşidlənməsi, diaqnostikası və müalicəsinə aid belə bir protokol hazırlandı.
Cəmi üç aydan da sonra həmin protokol TƏBİB tərəfindən yeniləndi. Niyə? Ona görə ki, xəstəlik yeni olduğuna görə və təcrübə toplandıqca, müalicə üsulları və dərman preparatları bir-bir sınandıqca yeni-yeni fikirlər yarandı.
Əvvəlki mülahizələrin bəziləri təkzib olundu. Özünüz də bilirsiniz ki, koronavirus infeksiyasına qarşı 100 faiz təminatlı antiviral preparat yoxdur. Ona görə də koronavirusla mübarizədə illər boyu virus xəstəliklərinə qarşı (qrip, qazanılmış insan immunodefisiti, hepatit C və s.) istifadə olunan dərman preparatlarına müraciət edildi. Hətta sizə deyim ki, vaxtı ilə Ebolaya qarşı düşünülmüş preparat da koronavirus müalicəsində işə yaradı.
- Bir çox dərman preparatları barədə geniş müzakirələr aparıldı, dərmanların tapılmasında çətinliklər yarandı. Bəzi dərmanlar hətta “xilaskar preparatlar” kimi qələmə verildi.
- Bəli, zaman-zaman belə xəbərlər yayılmaqdadır. Vaxtı ilə malyariyaya qarşı istifadə olunan preparatlar, indi də deksametazon geniş müzakirə olunur. Heç şübhəsiz ki, yaxın gələcəkdə bu cür “xilaskar preparat”lar barəsində yenə də eşidəcəyik.
Başqa bir çətinliyi də qeyd etmək istərdim. Təcrübə toplandıqca, baxdıq ki, koronavirusun insan bədəninə vurduğu zərər heç də tək tənəffüs sistemi ilə məhdudlaşmır. Yeni məqamlar bəlli oldu. Aydın oldu ki, virus böyrəklər, mədə-bağırsaq traktının selikli qişasına çox ciddi patoloji zərərlər vurur. Bununla xəstələrin 30-40 faizində müşahidə edilən ishal və dispeptik əlamətləri izah etmək olar.
Nəhayət, alimlərin son araşdırmaları göstərdi ki, virus baş beynin neyronlarını, qoruyucu sistem olan hematoensefalik baryerdən keçərək, bilavasitə zədələyir. Belə bir təcrübələr toplandıqca müalicə protokollarına dəyişiklik etmək məcburiyyəti yaranır.
- Bu gün tibb işçiləri kifayət qədər gərgin rejimdə işləyir. İstərdim bu barədə də məlumat verəsiniz.
- Heç kim fikrindən çıxarmasın ki, yay mövsümündə tibb personalı hansı şəraitdə işləyir. Düşünün ki, yayın günü hava keçirməyən kombinezon, tərləyən eynək, ikiqat əlcəklər, rezin qalın çəkmələrdə 6-8 saat, bəzən də daha çox müddətdə qalırlar.
Çoxumuz, bəlkə də, heç bir-iki saat o geyimdə dayana bilmərik. Üstəlik, önündə olan xəstənin talehi onun gördüyü işdən asılıdır. Bu, tibb personalı üçün həm fiziki əziyyət, həm də psixoloji yükdür.
- Mərkəzi Gömrük Hospitalı pandemiyadan əvvəl də kifayət qədər çox xəstə qəbul edirdi. Pandemiya ilə mübarizəyə ayrılandan sonra COVID-19 xəstələrinin sayı nisbətən daha çoxdur. Belə olan halda personalın yükü daha da artıb. Bununla bağlı çətinliklər olurmu?
- Təbii ki, bu gün Mərkəzi Gömrük Hospitalının tam tibb personalı - həkimlər, orta və kiçik tibb işçiləri, texniki heyət və təchizat şöbəsi koronavirus xəstələrinin müalicəsinə səfərbər olunub. Bu gün hospital digər xəstəliklərin müalicəsi ilə məşğul deyil.
Mərkəzi Gömrük Hospitalı elə də böyük xəstəxana deyil və çarpayı sayının məhdud olduğu bəlli idi. Bununla belə, xəstə axınını nəzərə alaraq, qısa zamanda əlavə stasionar şöbə yaratdıq. Lakin təəssüflər olsun ki, bu gün hospitalda çarpayıların hamısı doludur.
- Konkret olaraq xəstəliyin vaksini və dərman preparatı yoxdur. Bununla yanaşı, operativ qərargah sağalan xəstələrimiz barədə statistik məlumatları yeniləyir. Bilmək istərdik, sağalan xəstələr dedikdə, konkret nə nəzərdə tutulur?
- Sağalan xəstə o insana deyirik ki, onda artıq xəstəliyin heç bir simptomu və şikayəti yoxdur, analizlərin cavabları və rentgenoloji olaraq ağciyərlər norma daxilindədir. Eyni zamanda, həmin şəxsdə PCR (polimeraz zəncirvari reaksiya) testinin cavabı neqativdir. Yalnız bu zaman biz hesab edirik ki, xəstə sağalıb və həmin şəxs hospitaldan evə buraxılır.
- Bəs öz təcrübənizdə həmin sağalan xəstələr arasında yenidən virusa yoluxanlarla rastlaşmısınızmı?
- Bizim hospital iyun ayının 11-dən pandemiya ilə mübarizəyə cəlb edilib və daha bir ay tamam olmayıb. Nəzərə alaq ki, xəstələr hospitalda ən azı iki həftə müddətində müalicə alıb, sonra evə buraxılırlar, bizim bu barədə hələ təcrübəmiz yoxdur.
Ancaq, təbii ki, tibbi ədəbiyyat da, kütləvi informasiya vasitələri də zaman-zaman Çindən və başqa ölkələrdən koronavirusa yoluxmuş xəstələrin 3-5 faizində yenidən virusa yoluxma halları ilə bağlı məlumatlar yayırlar.
Düşünürəm ki, burada ciddi və geniş tədqiqatlara ehtiyac var. Ola bilər ki, PCR reaksiyasının cavabı yanlış neqativ olsun və xəstənin sağaldığını düşünərək evə yazsınlar. Daha sonra təkrar cavab pozitiv çıxanda deyilsin ki, şəxs yenidən yoluxub.
O da istisna edilmir ki, bu gün artıq koronavirusun 200-dən artıq mutasiyası aşkar olunub. Ola da bilər ki, şəxs yeni koronavirusun bir növünə yoluxub, sağalıb, sonra onun bir başqa mutasiyası ilə qarşılaşıb. Bütün bunlar hamısı hələ sadəcə mülahizələrdir.
- Vətəndaşlar ölkəmizdə istifadə edilən PCR testlərini digər ölkələrdəki cavabı daha tez əldə edilən “ekspress” testlərlə müqayisə edirlər. Ola bilərmi ki, xəstəliyi aşkar edən test nəticələrində hər hansı səhvlik olsun? Çünki sosial şəbəkələrdə test verməyən vətəndaşa COVID-19-a yoluxması barədə məlumat göndərildiyinə, eləcə də, bir şəxsin eyni gündə iki klinikada COVID-19 test verdiyi və cavablardan birinin neqativ, digərinin isə pozitiv olduğuna dair məlumatlar paylaşılıb. Bu da təbii olaraq, testin cavablarına bir qədər inamsızlıq yaradır.
- Təbii ki, mən yalnız Mərkəzi Gömrük Hospitalında istifadə edilən testlərə cavabdehlik daşıya bilərəm. Ancaq burada bir neçə faktor var. Birincisi, dünya statistikasına görə, koronavirusa görə aparılan PCR testin dəqiqliyi 80-90 faizdən artıq deyil. İkincisi, nəticələr bir çox faktorlardan asılıdır.
PCR testi verən şəxs yaxma götürülməzdən əvvəl ən azı 4-6 saat ərzində çay, su və digər mayelər qəbul etməməli, yemək yeməməlidir. Ağzını qarqara etməməlidir. Bu faktorun PCR reaksiyasının dəqiqliyinə çox böyük təsiri var. Xəstə bir saat əvvəl su içib test verə və nəticədə yanlış, neqativ cavab ala bilər.
Xaricdəki və bizdəki testlərə gəlincə, bilirsiniz ki, Azərbaycanda PCR testinin aparılması üçün avadanlıq istehsal olunmur. Dövlət rəhbərliyi tərəfindən alınan laborator avadanlıq dünyanın aparıcı şirkətlərinin istehsalıdır.
- COVID-19-dan sağalanlardan donor kimi istifadə ediləcəyi deyildi. Daha sonra bu məsələ ilə bağlı bir qədər durğunluq müşahidə edildi. Son vaxtlar isə koronavirusdan sağalan insanların qanında anticisim toxumalarına rast gəlinmədiyinə dair məlumatlar paylaşılır. Bu da onların donor rolunu oynamasına mane olur. Bu nə ilə əlaqəlidir?
- Son əldə olunan məlumata görə, hər koronavirus infeksiyasına məruz qalmış və sağalmış xəstənin qanında mütləq deyil ki, immunitet göstəricisi olan xüsusi immunoqlobinlər mövcud olsun. Bəllidir ki, koronavirusdan sağalan xəstələrin bir qismində bu müşahidə edilmir.
Bu səbəbdən həmin plazmalar hazırlanmazdan əvvəl xəstələrdə immunoqlobinlər yoxlanılır. İmmunoqlobinlərin miqdarı yetərli səviyyədə olduğuna əminlikdən sonra, həmin plazma götürülür və istifadə olunur. Bu, bizim hospitalda da istifadə edilir.
- Bu gün ətrafımızdakı insanlar arasında simptomsuz koronavirusa yoluxanlar var. Hərarəti olmadan virusa yoluxan şəxslər var ki, KT müayinəsi zamanı onların ağciyərlərində “buzlu şüşə” sindromu aşkarlanır. İnsanlar yoluxduğunu hiss etmir, bu da ətrafda yoluxmaların sayını artırır. Bu cür faktlar qarşısında insan özünü necə izolyasiya etsin? Orqanizmdə hansı dəyişikliklərə diqqət yetirsin?
- Bu, tək bizim ölkədə deyil, dünya üçün böyük problemdir. Özündə xəstəliyi bilməyən, heç bir simptomu olmayan insanı necə ayırd etmək olar? Düşünürəm ki, 100 faizlik təcrid mexanizmi yoxdur. Amma digər tərəfdən, bu gün karantin rejimi bir qədər də sərtləşdirilib.
Sərtləşdirilmələrdən irəli gələn məhdudiyyətlərə ciddi əməl olunsa, profilaktik tədbirlər lazımi şəkildə yerinə yetirilsə, ictimai yerlərə mümkün qədər çox çıxılmasa, ictimai nəqliyyatdan istifadə azaldılsa, maskadan düzgün istifadə edilsə, sosial məsafə gözlənilsə, xəstəliyin yayılması da məhdudlaşar. Bir sözlə, əsas odur ki, karantin şərtlərinə ciddi riayət edilsin.
Bölməyə aid digər xəbərlər