Milli Televiziya və Radio Şurası bəyanat yayıb.
Bəyanatı təqdim edirik:
“Bəzi informasiya saytlarında “Lider TV” kanalının kabel yayımının dayandırılması və kabel operatorlarının paketlərində həmin kanalın əvəzinə APA TV kanalının yayımlanacağı barədə məlumatlar yayılıb.
Milli Televiziya və Radio Şurası olaraq bildiririk ki, “Lider TV və Radio-Azərbaycan” MMC-nin müflis elan olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olmadığından “Lider TV” kanalının lisenziyası qüvvədədir və kanal fəaliyyətini davam etdirir. Açıq yerüstü yayımda olan bütün ümümölkə kanalları kimi “Lider TV” kanalı da bütün kabel operatorları vasitəsilə yayımlanır. Milli Televiziya və Radio Şurasının qərarı olmadan həmin kanalın kabel şəbəkələri vasitəsilə yayımının dayandırılması və həmin kanal əvəzinə APA TV və ya Baku TV kimi internet televiziya kanallarının kabel şəbəkəsi vasitəsilə yayımlanması barədə xəbərlər həqiqəti əks etdirmir.
Qeyd olunmalıdır ki, APA TV və “Baku TV” kimi internet televiziya kanalları açıq yerüstü yayımda olmadığından onların kabel operatorlarının paketlərində yayımlanması qadağandır.
İnformasiya saytlarının redaktorlarından xahiş olunur ki, bu kimi məlumatları paylaşmamışdan qabaq televiziya və radio yayımı sahəsində tənzimləyici orqan olan Milli Televiziya və Radio Şurasından dəqiq informasiya əldə etsinlər”.
Bölməyə aid digər xəbərlər