“Azərbaycan” Nəşriyyatının binası, burada mövcud olan antisanitar mühit mütəmadi müzakirələrə səbəb olur. Lakin son illərdə Nəşriyyatın acınacaqlı durumundan çox burada “reket jurnalistika” təmsilçisi olan redaksiyaların və mətbu orqanların yerləşməsi daha ciddi narahatlıq doğurub.
Ümumi olaraq, bu sual demək olar, hər kəsi düşündürür: “Azərbaycan” Nəşriyyatı müasir Azərbaycan mətbuatına hansı töhfəni verir? Bu gün üçün Nəşriyyatın fəaliyyəti nə dərəcədə önəmlidir?
Bu barədə Modern.az-a danışan “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı diqqətə çatdırıb ki, Nəşriyyat zaman-zaman Azərbaycan mətbuatında bütün çap məhsullarının ərsəyə gəlməsi üçün mərkəz, sistemləşdirən təsisat rolunu oynayıb. Akif Aşırlının fikrincə, bu gün də sözügedən funksiyanı Nəşriyyat qismən yerinə yetirə bilir:
“Ölkənin bəzi aparıcı qəzetləri burada yerləşir. “Xalq” qəzeti istisna olmaqda digər dövlət qəzetləri Nəşriyyatdadır. Bəzi müstəqil qəzetlər, ayrı-ayrı saytların redaksiyaları burada yerləşib.
Bildiyiniz kimi, “Şərq” qəzetinin redaksiyası da buradadır və hesab edirəm ki, “Azərbaycan” Nəşriyyatında yerləşmənin üstünlüyü qəzetlərin çap və yayım sisteminin burada cəmləşməsindən keçir. Yəni, çap sexinin nəşriyyatın içərisində olması, qəzetlərin yayımı ilə məşğul olan firmaların burada yerləşməsi bizim üçün sərfəli və maddi cəhətdən də əlverişlidir. Əvvəllər belə idi, yazılar, məqalələr redaksiyada kağızdan sonra “plyonka”lara köçürülür, oradan nəşriyyata aparılırdı. Redaksiyalar şəhərin müxtəlif yerlərində olanda “plyonka”ları Nəşriyyata və ya digər mətbəələrə çatdırmaq çətinləşirdi.
Qeyd etdiyim kimi, qəzetin yayımı üçün də ən optimal yer “Azərbaycan” Nəşriyyatıdır. Çünki qəzetlərin vahid mərkəzdən paylanması buradan başlayır. Hazırda özəl mətbəələr də fəaliyyət göstərir. Lakin burada çap olunan məhsullar hansısa nəqliyyat vasitəsilə “Azərbaycan” Nəşriyyatına gətirilməli, bu binada yerləşən yayım firmaları arasında bölüşdürülməlidir. Nəhayət, məlum olur ki, redaksiya şəhərin başqa hissəsində yerləşdikdə, Nəşriyyata gedib-gəlmək vaxt və maliyyə itkisinə səbəb olur. “Azərbaycan” Nəşriyyatında çap mətbuatı üçün lazım olan hər şey əl altında olduğundan əlavə vaxt, maliyyə itkisi baş vermir”.
“Azərbaycan” Nəşriyyatında “reket” mətbu orqanların yerləşməsinə gəlincə, Akif Aşırlının sözlərinə görə, hazırda hansı qəzetin, hansı saytın “reket” olmasını müəyyənləşdirmək çətindir:
“Düzdür, bir çox qəzetin yazılarından, qeyri-obyektivliyindən bunu müəyyən etmək olar. Amma elə sayt və qəzetlər var ki, ayırd etmək çətindir. Heç kəs də ““sarı mətbuat”ın nümayəndəsiyəm” demir. Azərbaycan Nəşriyyatında vaxtilə belə bir seleksiya aparıldı. “Reket” mətbu orqanları Nəşriyyatdan çıxardılar. Hazırda mən bilmirəm ki, belə orqanlar qalıb, yoxsa yox. Lakin olsa belə, “reketlər”in sayı o qədər də çox deyil”.
Jurnalist Araşdırmaları Mərkəzinin sədri, Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə isə “Azərbaycan” Nəşriyyatında səliqə-sahman yaratmağın vaxtı çatdığını düşünür:
“Tale elə gətirib ki, peşəkar jurnalistika ilə məşğul olduğum 23 il ərzində bir gün də "Azərbaycan" Nəşriyyatında çalışmamışam. İşlədiyim redaksiyalar həmişə başqa ünvanlarda yerləşib. Nəşriyyata ayda-ildə bir dəfə yolum düşüb. Oradakı mühit həmişə məni sıxıb. Uzun illərdi Nəşriyyatda antisanitariya şəraiti hökm sürür. Orda mətbuata dəxli olan və olmayan yüzlərlə ofis yerləşir. Bəzən redaksiyaların adlarına göz gəzdirirəm. Azərbaycanda nə qədər "reket qəzet” varsa, hamısı "Azərbaycan" Nəşriyyatına yığışıb. Nəşriyyat "reket jurnalistlər”in məkanıdır. Düzdür, bu ünvanda hörmət elədiyim bir neçə qəzet də çıxır. Amma ümumi sayda "reketlər” çoxluq yaradır.
Nəşriyyatda elə qəzetlər var ki, ayda bir dəfə, 4 səhifə həcmində çıxır. Amma redaktoru 100 min manatlıq maşın sürür. Yaxşı ki, redaksiyamız orda yerləşmir. Hər gün bu insanlarla üz-üzə gəlmək ürəyimi bulandırardı. “Azərbaycan” Nəşriyyatı yağla şorun bir yerdə çalxalandığı nehrəni xatırladır.
Məncə, Nəşriyyatda səliqə-sahman yaratmağın vaxtı çatıb. "Reket qəzetlər”in hamısı Nəşriyyatdan qovulmalıdır. Dövriliyi olmayan qəzetləri yola salmaq lazımdır. Nəşriyyatda əsaslı təmir işləri aparmağa ehtiyac var. Yarıqaranlıq koridorlar "NKVD"nin dəhlizlərini xatırladır.
Elə mərtəbələr var ki, tualetin ağır qoxusu dəhlizə yayılıb. Jurnalist həmkarlarıma yazığım gəlir. Onlar niyə bu cür acınacaqlı şəraitdə işləməlidirlər? Bu biabırçılığa son qoyulmalıdır”.
Bölməyə aid digər xəbərlər