Bakıda bir yumruqla adam öldürən şəxs - “Düşündüm ki, “aktyorluq” edir”

Bakıda bir yumruqla adam öldürən şəxs - “Düşündüm ki, “aktyorluq” edir”

Ötən il noyabrın 27-də paytaxtın Sabunçu rayon Zabrat qəsəbəsi ərazisində tanışını yumruq zərbəsi ilə qətlə yetirən şəxsə hökm oxunub.

GununNebzi.az
“Qafqazinfo”ya istinadən xəbər verir ki, tanışı, 1962-ci il təvəllüdlü Məhəmməd Əliyevi marketin qarşısında yumruqla vuraraq qətlə yetirən 1964-cü il təvəllüdlü Rəhman Əzimov Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə R.Əzimov Məhəmmədi öldürmək niyyəti ilə vurmadığını deyib. Hadisədən əvvəl Məhəmmədin kafedə onu Rövşən adlı şəxsin yanında təhqir etdiyini deyən təqsirləndirilən şəxs mübahisənin daha sonra yaxınlıqdakı marketin önündə davam etdiyini bildirib:

“Rövşən Məhəmmədlə birlikdə çölə çıxdıqdan sonra yaxınlıqdakı marketə getdilər. Onlar marketdən çıxdıqda Məhəmmədə dedim ki, “o nə sözdür sən Rövşənə bayaq dedin? Necə yəni Rəhman kimdir ki, sən onunla oturmusan?”. Məhəmməd isə mənə “yaxşı eləmişəm demişəm, sən kimsənki, sən nə zibilsən ki....” deyə cavab verdi. Belə deməsi əsəblərimə toxundu, ona görə də Məhəmmədə bir dəfə çənəsindən yumruqla vurdum. Məhəmməd yerə yıxıldı, geriyə çönüb getmək istədim. Həmin an eşitdim ki, Rövşən birdən-birə Məhəmmədə tərəf qaçaraq “buna nə oldu” dedi. Geriyə çönüb Məhəmmədin yerə yıxıldığını gördüm. Onun bir yumruq nəticəsində yerə yıxılaraq huşsuz vəziyyətə düşməsinə inanmadım. Düşündüm ki, Məhəmməd “aktyorluq” edir, yalandan yerə yıxılıb. Buna görə də təkrarən ona yaxınlaşaraq 1-2 dəfə onun ayaq nahiyəsindən astaca vurdum ki, onu yerdən qaldırsın. Lakin o, yerindən qalxmadı. Mən də Məhəmmədin bu zərbədən öləcəyinə inanmadığıma görə həmin ərazini tərk edərək evə getdim”.

Mərhum M.Əliyevin oğlu isə təqsirləndirilən şəxsin dediklərini inkar edib. O bildirib ki, hadisə ərazidəki “Ruslan” marketin kamerasına anbaan düşüb: “Kamera görüntülərindən məlum olur ki, atam yerə yıxılandan sonra da Rəhman təpiklə onun başına zərbələr endirib”.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 may 2022-ci il tarixli hökmü ilə Rəhman Əzizova 9 il 6 ay müddətinə həbs cəzası verilib.

Tarix: 26-05-2022, 12:10 Oxunub: 36


Bölməyə aid digər xəbərlər