Altıağac Milli Parkında yerləşən “Cənnət bağı” istirahət mərkəzinin ərazisində ağac və kolların məhv edilməsi barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) daxil olmuş material üzrə Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.
GununNebzi.az Baş Prokurorluğun mətbuat xidmətinə istinadən xəbər verir ki, aparılmış araşdırmalarla “Cənnət bağı” istirahət mərkəzinin ərazisində müxtəlif cinsli 2036 ədəd ağacın və 103 ədəd kolun qanunsuz kəsilərək məhv edilməsi, eləcə də həmin istirahət mərkəzində saxlanılan marallar tərəfindən müxtəlif cinsli 3589 ədəd ağacın gövdəsi və qabığının yeyilərək məhv olması nəticəsində təbiətə ümumilikdə 30 min 240 manat məbləğində ziyanın dəyməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Faktla bağlı Baş Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 259.2.4 (qanunsuz ağac kəsmə, külli miqdarda ziyan vurmaqla törədildikdə), 314.1 (səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanmaqla istintaqın aparılması Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinə tapşırılmışdır.
Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları, ətraf mühitə vurulmuş maddi ziyanın məbləğinin müəyyən edilərək ödənilməsinin təmin edilməsi və nəticələrinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər davam etdirilir.
Bölməyə aid digər xəbərlər