Ermənistan silahlı qüvvələri ağır artilleriya və digər iriçaplı silahlardan istifadə etməklə Azərbaycanın yaşayış məntəqələrini atəşə tutmaqda davam edir.
GununNebzi.az xəbər verir ki, Prezidentin köməkçisi Hikmət Hacıyev bildirib ki, Ermənistan silahlı qüvvələrinin qəsdən və hədəflənmiş şəkildə yaşayış məntəqələrini artilleriyadan atəşə tutması nəticəsində ikisi uşaq olmaqla, 17 nəfər mülki şəxs həlak olmuş, 51 nəfər yaralanmışdır:
"Dövlət və özəl mülkiyyətə zərər dəymişdir.
Ermənistanın bu əməlləri ilə sivil dəyərlərdən kənar olan ölkə olduğunu və növbəti dəfə mülki insanlara və azyaşlı uşaqlara qarşı xain hücumlar törədən ölkə olduğunu göstərir. Hərbi əməliyyatlar şəraitində mülki insanların hədəfə alınması və ya qəsdən öldürülməsi hərbi cinayətdir. Ermənistan dövləti və Ermənistanın siyasi-rəhbərliyi buna görə məsuliyyət daşıyır.
Ölkəmizə qarşı növbəti təcavüz aktı kimi bu gün Ermənistanın Gorus rayonu istiqamətindən Azərbaycan ərazisi raket atəşinə məruz qalmışdır. Bu artıq Ermənistan ərazisindən Azərbaycana qarşı həyata keçirilən ikinci hücum aktıdır. Birinci hücum Ermənistanın Vardenis rayonu ərazisindən həyata keçirilmişdir. Raket zərbəsi nəticəsində məcburi köçkünlər üçün yeni salınmış Cocuq Mərcanlı kəndində 20-yə yaxın evə zərər dəymişdir.
Ermənistan tərəfinə xəbərdarlıq edirik ki, Ermənistan ərazisindən Azərbaycana qarşı hücumlar dayandırılmadığı halda, atəşi həyata keçirən legitim hərbi hədəflərə qarşı adekvat tədbirlər görüləcəkdir".
Bölməyə aid digər xəbərlər