ABŞ Prezidenti Donald Tramp özəl neft şirkətlərinə məhsullarını dövlətin strateji saxlanc yerlərində saxlamağa müvəqqəti icazə veriləcəyini söyləyib.
D.Trampın sözlərinə görə, hazırda neft bazarında koronavirus ilə əlaqədar xeyli miqdarda izafi xammal var. ABŞ prezidenti hökumətin neft şirkətlərini dəstəkləmək üçün tədbirlər görəcəyinə söz verib.
Xatırladaq ki, dünən D.Tramp “Exxon Mobil” və “Chevron” şirkətləri başda olmaqla, ABŞ-ın bir sıra iri neft şirkətlərinin rəhbərləri ilə görüş keçirib.
Qeyd edək ki, ABŞ-da strateji neft ehtiyatı qlobal enerji böhranından sonra 1975-ci ildə Konqres tərəfindən yaradılıb. Saxlanclarının ümumi tutumu təxminən 713,5 milyon barel neft təşkil edir. Hazırda Texas və Luizianadakı dörd saxlanc yerində təxminən 635 milyon barel saxlanılır.
Martın əvvəlindən etibarən neft qiymətləri son 20 ilin minimum səviyyəsinə düşüb. Səbəblərdən biri OPEC+ sazişinin pozulmasıdır: təşkilata daxil olan ölkələr neft hasilatının daha da azaldılması barədə razılığa gələ bilməyiblər.
Bölməyə aid digər xəbərlər