Azərbaycan qazının Türkiyəyə və buradan Avropaya nəqli üçün inşa olunan Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) layihəsi enerjinin İpək yoludur.
gununnebzi.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Gürcüstanın “Diplomat” jurnalının "The New York Times”la əməkdaşlıq çərçivəsində yayımlanan yeni sayındakı məqaləsində qeyd edib.
Türkiyə prezidenti “TANAP: Regional inkişaf və sülh layihəsi” adlı məqaləsində TANAP-ın Türkiyə, Azərbaycan və Gürcüstanın qarşılıqlı etibara söykənən münasibətlərinin nümunəsi və ölkələr arasındakı köklü dostluğun simvolu olduğunu bildirib.
O vurğulayıb ki, TANAP regional sülh layihəsidir: “Azərbaycan və Gürcüstanla həyata keçirilən əməkdaşlıq sayəsində əvvəlcə Bakı-Tbilisi-Ceyhan boru kəməri inşa edilib və 2006-cı ildə bu kəmər istismara verilib. Sonra Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən qazın Gürcüstan və Türkiyəyə nəqli üçün Bakı-Tbilisi-Ərzurum təbii qaz kəməri inşa olunaraq 2007-ci ildə istismara verilib. Bu üçtərəfli əməkdaşlığın inkişafı istiqamətindəki iradə TANAP-ı həyata keçirməyə səbəb olub”.
Daha sonra o, TANAP-ın həyata keçirilməsi üçün görülən işləri xatırladıb və qeyd edib ki, TANAP ildə 16 mlrd. kubmetr ötürücülük gücü ilə Türkiyənin və Avropanın enerji təhlükəsizliyinin təminatına əhəmiyyətli töhfə verəcək: “2019-cu ilin sonuna Türkiyə TANAP vasitəsilə 3,7 mlrd. kubmetr qaz alıb. Bu miqdar tədricən artaraq ildə 6 mlrd. kubmetrə çatacaq və Trans-Adriatik Qaz Boru Kəmərinin 2020-ci ildə tamamlanması ilə Avropaya ildə 10 mlrd. kubmetr qaz ötürəcək. Gələcəkdə TANAP-ın ötürücülük gücünün əvvəlcə ildə 24 mlrd. kubmetrə, sonra isə 32 mlrd. kubmetrə artırılması planlaşdırılır".
Türkiyə prezidenti vurğulayıb ki, TANAP Azərbaycandakı digər qaz yataqları, həmçinin Xəzərin digər ölkələrinin yataqları və bölgə ölkələrində hasil olunan təbii qazın Türkiyə və Avropaya çatdırılması baxımından da əhəmiyyətli potensiala malikdir.
Bölməyə aid digər xəbərlər