Bugün Aşıq Vüqar Mahmudoğlunun 50 yaşı tamam olur.
Vüqar Mahmud oğlu Niftəliyev (03.11.1970, Şıxzərli kəndi, Şamaxı – 10.01.2018, Bakı) –
Şirvan aşıq sənətinin məşhur ustadlarından olan Aşıq Mahmud Ələsgəroğlunun ilk övladıdır.
Şamaxı şəhər musiqi məktəbini (qarmon sinfini) və Azərbaycan Dövlət Mədəniyyət və İncənət Universitetini bitirib. Yeniyetməliyindən qarmon ifaçısı kimi tanınıb. Atasının vəfatından sonra (2002-ci il) Aşıq Mahmudun sazını (sənətini) yaşadıb.
Şirvan aşıq mühitinin tanınmış simalarından olan Aşıq Vüqar Mahmudoğlu qardaş Türkiyədə, Fransa, Rusiyada, İsveçrədə, Xorvatiyada, eləcə də, doğma Təbrizdə və b. şəhərlərdə, ölkələrdə yaddaqalan konsertlər verib – Azərbaycan mədəniyyətini ləyaqətlə təmsil edib, sazımızın şöhrətini daha da ucaldıb.
Onu təkcə Azərbaycanda deyil, Türkiyədə, Gürcüstanda və Orta Asiya respublikalarında da bir sənətkar kimi yüksək dəyərləndiriblər.
Vüqar Mahmudoğlunun el şənliklərində, mötəbər konsert proqramlarında yaddaqalan ifaları onun ustad atasının yolunu ləyaqətlə davam və inkişaf etdirdiyini göstərirdi. Aşığın istər fərdi ifaları, istər tanınmış aşıqlarla duetləri tamaşaçıların böyük rəğbətini qazanmışdı.
Aşıq Vüqar Mahmudoğlu ürək tutmasından vəfat edib, doğma Şıxzərli kəndində, ustad atasının məzarı yanında dəfn olunub.
RUHU ŞAD OLSUN!
Bölməyə aid digər xəbərlər