Bu gün görkəmli müğənni, xanəndə və pedaqoq, “Şöhrət” ordenli Xalq artisti İslam Rzayevin doğum günüdür.
İslam Tapdıq oğlu Rzayev (11.11.1934, Sərdarlı, Füzuli – 26.01.2008, Bakı) – Qarabağ xanəndəlik məktəbinin layiqli davamçılarından biri olub. Onun səsini ilk dəyərləndirən Seyid Şuşinski olub.
İslam Rzayev peşəkar musiqi təhsilini Bakıda Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumunda alıb (1951-1956), Seyid Şuşinskinin sinifində muğam dəstgahlarını mükəmməl öyrənib. Həmçinin Zülfü Adıgözəlovdan və Həqiqət Rzayevadan muğam dərsləri alıb, sənətini təkmilləşdirib; daha sonra 1976-cı ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu (ADMİU) bitirib.
Xalq artisti İslam Rzayev 1958-ci ildən ömrünün sonunadək Azərbaycan Dövlət Akademik Filarmoniyasının solisti kimi fəaliyyət göstərib. Pedaqoji işlə də məşğul olub, yetirdiyi tələbələr xanəndəlik məktəbinin layiqli davamçıları kimi tanınıb. Xalq artistinin təşəbbüsü ilə 1989-cu ildə Bakıda ilk Dövlət Muğam Teatrı yaradılıb. Sənətkar həyatının sonunadək Muğam Teatrının bədii rəhbəri vəzifəsində çalışıb.
Oxuduğu “Çahargah”, “Bayatı-Kürd”, “Mahur-Hindi”, “Rast” muğam dəstgahları AzTV-nin “Qızıl fond”una daxil edilən İslam Rzayev bir sıra mahnılar da bəstələyib, onlardan “Gəl, inad etmə”, “Dağlar başı”, “Almadərən” mahnıları geniş yayılıb. Xalq artisti öz yaradıcılığında bəstəkar əsərlərinə də müraciət edib, Cahangir Cahangirovun “Nəsimi”, “Aşıq Alı” və b. kantatalarında solo partiyanı ifa edib.
Görkəmli sənətkar 70-dən artıq qastrol səfərində olub, qardaş Türkiyədə, Fransa, İngiltərə, İran, İraq, Əlcəzair, İsrail, Kolumbiya, Peru, Kuba, Yaponiya, Hindistan, Nepal və b. ölkələrdə Azərbaycan mədəniyyətini təmsil edib.
Xalq artisti İslam Rzayev bir sıra önəmli təltiflərə layiq görülüb:
-Azərbaycanın Əməkdar artisti (1967),
-Azərbaycanın Xalq artisti (1989),
-Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü (11.06.2002),
-“Şöhrət” ordeni (10.11.2004)...
Xalq artisti İslam Rzayev Fəxri Xiyabanda dəfn edilib.
RUHU ŞAD OLSUN!
Bölməyə aid digər xəbərlər