TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Amerika Birləşmiş Ştatlarının (ABŞ) “Səhiyyə İnformasiya və İdarəetmə Sistemləri Cəmiyyəti” (Healthcare Information and Management Systems Society – HIMSS) tərəfindən təşkil edilən “Avropa Sağlamlıq Konfransı və Sərgisi”ndə iştirak etmək üçün İtaliya Respublikasının Roma şəhərində işgüzar səfərdədir.
GununNebzi.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.
Bildirilib ki, “Avropa Sağlamlıq Konfransı və Sərgisi”ndə tibdə süni intellekt, geyilə bilən tibbi cihazlar, innovativ startaplarla tanış olmaq mümkündür.
Sərgi çərçivəsində təşkil olunan konfrans bu il qlobal sağlamlıq ekosistemini təmsil edən 70-dən çox ölkədən səhiyyə liderlərini və mütəxəssislərini cəlb edib, eyni zamanda builki tədbirdə ölkəmiz də təmsilçilik hüququ qazanıb. Sözügedən tədbir çərçivəsində HIMSS beynəlxalq akkreditasiya sertifikatı rəsmi olaraq təşkilatın məsul şəxsləri tərəfindən Yeni Klinikaya təqdim olunub.
Xatırladaq ki, ölkəmizdə və hətta regionda ilk dəfə olaraq tibb müəssisələri arasında TƏBİB-in tabeliyində fəaliyyət göstərən Yeni Klinika ABŞ-nin xəstəxana məlumatlarının idarəedilməsi sistemi üzrə beynəlxalq dərəcəli nüfuzlu akkreditasiya sertifikatı olan HIMSS-i əldə edib. Sertifikat HIMSS-in önəmli qiymətləndirmə modulu hesab olunan Elektron Tibbi Qeydiyyatın Adaptasiyası Modulu (EMRAM) VI səviyyə üzrə təqdim olunub. Sözügedən modul stasionar xidmət göstərən səhiyyə müəssisələrində istifadə olunur. Sertifikat informasiya texnologiyaları və idarəetmə sistemlərindən ən yaxşı şəkildə istifadə etməklə səhiyyə xidmətinin keyfiyyətli, təhlükəsiz, səmərəli formada daim təkmilləşdirilməsinə görə təqdim olunur.
Qeyd edək ki, Rusiya və Şərqi Avropada HIMSS attestasiyasından keçən cəmi iki klinika mövcuddur.
Təsisçilərdən beynəlxalq sertifikatı qəbul edən TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi diqqət və qayğısı sayəsində bu gün ölkəmizdə bir çox genişmiqyaslı sosial layihələrin həyata keçirildiyini vurğulayıb:
“Bu istiqamətdə ən uğurlu layihələrdən biri də icbari tibbi sığortanın ölkə üzrə tətbiqidir. Aparılan islahatların nəticəsidir ki, həm regionlarda, həm də Bakı şəhərində bu gün elə bir tibb müəssisəsi yoxdur ki, vətəndaşlarımız üçün tibbi xidmətləri əlçatan şəkildə təmin edə bilməsin. Ölkəmizdə tibb müəssisələri təmir olunur, yenidən qurulur, yeni avadanlıqlarla təmin olunur və kadr potensialı günü-gündən yüksəldilir”.
HIMSS sertifikatının ölkəmiz və tibb müəssisələri üçün əhəmiyyətindən danışan Vüqar Qurbanov qeyd edib ki, bu sertifikatın əldə olunması tibb müəssisələrində tibbi xidmətin keyfiyyətinin yüksəldilməsinə, pasiyent məlumatlarının konfidensiallığının etibarlı şəkildə qorunmasına və vətəndaş məmnunluğunun artırılmasına səbəb olacaq:
“Hesab edirəm ki, sertifikat Azərbaycan səhiyyəsinin beynəlxalq müstəvidə tanınmasına da səbəb olacaq. Bu, gələcəkdə bizə tibbi turizm sahəsini daha da inkişaf etdirməyə imkan yaradacaq. Həmçinin Yeni Klinika bu nüfuzlu sertifikatı əldə etmiş tibb müəssisəsi kimi beynəlxalq müstəvidə öz xidmətlərini digər ölkə vətəndaşlarına təqdim edə biləcək”.
Bölməyə aid digər xəbərlər