"Təhsil müəssisələrində göstərilən tibbi xidmətin əsas öhdəlikləri şagird və tələbələrin sağlamlığının qorunması, xəstəliklərin qarşısının alınması, sağlamlığın davamlı monitorinqinin aparılması və ilk tibbi yardımın göstərilməsidir".
GununNebzi.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Səhiyyənin Təşkili şöbəsinin məsləhətçisi Aynurə Zeynalova bildirib.
Onun sözlərinə görə, hazırda ölkənin təhsil ocaqlarında təhlükəsiz sağlam mühitin yaradılması ən vacib məsələlərdəndir:
"Qaydalara görə, orta məktəblərdə şagird sayından asılı olaraq, tibbi kabinet ayrılmalı, burada ixtisaslı kadrlar işləməlidir. Həmin kabinetlərdə çalışan tibb bacıları uşaqların sağlamlığını nəzarətdə saxlamalı, ehtiyac olduğu anlarda dərhal ilkin yardım göstərməlidir.
Xəstəliyi keçirən uşaqlar həkim nəzarətində olmalı, şagirdlər mütəmadi olaraq, profilaktik baxışdan keçirilməli və hər hansı bir xəstəliyə şübhəli olanlar dərhal təcrid edilməlidir".
A. Zeynalova deyib ki, təhsil müəssisələrində tibbi xidmətin təşkili Nazirlər Kabinetinin "Təhsil müəssisəsində iaşə və tibb xidmətinin təşkili qaydası və normalarının təsdiq edilməsi haqqında” qərarına əsasən aparılır və daim nəzarət altında saxlanılır:
"Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən dəstəklənən “Sağlamlığı təşviq edən məktəblər” şəbəkəsi ÜST üzrə Avropa regionunun artıq 45 ölkəsində, o cümlədən ölkəmizdə də səhiyyə və təhsil sahələrinin inkişaf siyasətinin ayrılmaz hissəsinə çevrilib".
Nazirlik rəsmisinin sözlərinə görə, təhsil müəssisələrinin açılması havaların soyuması və nəticə etibarilə, xəstəliklərin baş qaldırması dövrünə təsadüf edir:
"Payız-qış fəsillərində havaların soyuması, təlim-tərbiyə ocaqlarında uşaq və yeniyetmələrin bir-biri ilə yaxın təmasda olması və bəzən immunitetlərinin zəifliyi, otaqların sıxlığı, əks epidemik rejimin tam gözlənilməməsi tənəffüs yollarının kəskin infeksion xəstəliklərinə səbəb olur.
Uşaq və yeniyetmələrin infeksiyalara qarşı müqavimətini artırmaq üçün onların rasional qidalanması, gigiyenik gün və dərs rejimi, təlim-tərbiyə ocaqlarında və evdə daim optimal şərait ilə təmin olunması vacibdir.
COVID-19 pandemiyası dövründə təhsil müəssisələrində nəzərdə tutulmuş əlavə tədbirlər barədə qərarların dərhal verilib, həyata keçirilməsi təhsil və səhiyyə sistemləri üçün böyük bir məsuliyyətdir. Uşaqlar və gənclər UNICEF, ÜST və Səhiyyə Nazirliyi kimi etibarlı mənbələr vasitəsilə COVID-19 virusu haqqında daim məlumatlı olmalıdırlar”.
Bölməyə aid digər xəbərlər