Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin davamlı şəkildə partiya rəhbərləri və ictimai fəallarla görüşləri təşkil olunur.
GununNebzi.az-ın məlumatına görə, növbəti belə görüşlər ayrı-ayrılıqda videokonfrans formatında dekabrın 4-də Milli Məclisin deputatları - Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev, Vəhdət Partiyasının sədri Tahir Kərimli, həmçinin, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev və Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova ilə keçirilib.
Görüşlərdə Vətən Müharibəsində əldə olunmuş böyük Qələbə, ordumuzun şücaəti, müharibədə iştirak etmiş və yaralanmış hərbçilərə dövlət qayğısı, işğaldan azad olunmuş ərazilərdə əhalinin məskunlaşması, siyasi həmrəylik istiqamətində əldə olunmuş uğurların qorunmasında partiyaların rolu, islahatların şaxələndirilməsi, siyasətdə qadın amili və gender məsələləri ilə bağlı mövzular, həmçinin, COVID-19 pandemiyası ilə mübarizədə vətəndaşların fəallığı, VI çağırış Milli Məclisin fəaliyyəti və ölkənin siyasi gündəmində olan bir sıra digər önəmli mövzular da müzakirə edilib.
Müasir milli tariximizin şanlı səhifələrindən olan Vətən Müharibəsi ətrafında fikir mübadiləsi aparılaraq bildirilib ki, qazanılan bu möhtəşəm Qələbə Müzəffər Ali Baş Komandan İlham Əliyevin, rəşadətli Azərbaycan ordusunun və daim öz Prezidentinin ətrafında bir yumruq kimi birləşən böyük Azərbaycan xalqının zəfəridir.
Cəmi 44 gün ərzində aparılmış döyüşlər nəticəsində ölkəmiz malik olduğu hərbi qüdrətini və iqtisadi gücünü bütün dünyaya aşkar şəkildə nümayiş etdirdi.
Vətən Müharibəsindən sonra ölkəmizə qarşı aparılacaq sərt informasiya təzyiqləri ilə mübarizədə qalib gəlmək üçün bu gün Azərbaycanda yaşanan milli və siyasi həmrəyliyinin qorunması olduqca vacibdir. Bu baxımdan, siyasi partiyalar arasında sağlam münasibətlərin davam etdirilməsi strateji vəzifədir.
Administrasiyanın rəsmisi mövzunu inkişaf etdirərək, siyasi partiyaların rəhbərləri ilə təşkil olunan görüşlər zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 dekabr tarixli qələbə nitqinə müraciət edərək, sözügedən çıxışdan sitat gətirib:
“Bizim ölkəmiz üçün yeni dövr başlayır. Yeni quruculuq dövrü, inkişaf dövrü, azad edilmiş ərazilərimizin bərpası dövrü. Mən tam əminəm ki, Azərbaycan xalqı bu dövrdə də birlik, həmrəylik göstərəcək, güclü iradə göstərəcək. Azərbaycan xalqı yenə də birləşərək dağıdılmış bu şəhərləri, kəndləri bərpa etmək üçün əlindən gələni edəcəkdir.
Biz bundan sonra böyük və qürurlu xalq kimi yaşayacağıq. Beynəlxalq müstəvidə öz sözümüzü demişik, bölgədə öz sözümüzü demişik. İstədiyimizə nail olmuşuq və əminəm ki, bundan sonra bizim xalqımızı təhlükəsiz və xoşbəxt həyat gözləyir”.
Prezident İlham Əliyevin bu sözləri cəmiyyətimizin bütün potensialının səfərbər olunması kimi vacib vəzifəni qarşımıza qoyduğunu vurğulayan Ə.Vəliyev deyib ki, Azərbaycanın hər bir vətəndaşı bu amallara xidmət etməlidir.
Görüşlər əsnasında Vətən Müharibəsində şəhidlərin qanı hesabına əldə olunmuş qələbənin əhəmiyyətini bəzi qüvvələrin ucuzlaşdırma cəhdləri sərt tənqid olunub, belə hallar yalnız öz doğma xalqına və Vətəninə qarşı xainlik kimi qiymətləndirilib.
Ə.Vəliyev vurğulayıb ki, düşmənin mülki əhalini atəşə tutmasını da unutmaq olmaz və bu cür faktları beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq prinsipial vəzifədir.
Ölkənin siyasi fəalları ilə təşkil olunan görüşlər çərçivəsində başlamış islahatların gözlənilən növbəti mərhələləri də müzakirə olunub.
İslahatların səmərəliliyi naminə vətəndaş cəmiyyəti institutlarından fəallıq tələb olunduğunu bildirən Ə.Vəliyev vurğulayıb ki, əlverişli mühitin yaradılması üçün Milli Məclis tərəfindən yaxın gələcəkdə mütləq mütərəqqi qanunlar işlənilib qəbul olunacaqdır.
Bütün bəşəriyyəti narahat edən COVID-19 pandemiyası və müşahidə olunan meyillər də görüşlər zamanı müzakirə edilib. Ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə qəbul edilmiş qərarlar nəticəsində koronavirusa yoluxma sayı mümkün qədər minimal səviyyədə saxlanılıb. COVID-19-a qarşı vaksinlərin hökumət tərəfindən Azərbaycana gətirilməsi və əhalinin peyvənləşdirilməsi məsələləri də müzakirə olunub.
Görüşlərdə siyasi partiyaların fəallığının artırılması məsələləri də xüsusi olaraq müzakirə edilib. “Ölkəmizdə mövcud olan siyasi partiyaların sayı Azərbaycanda yaşanan siyasi plüralizmdən bilavasitə xəbər verir”, - deyən Ə.Vəliyev vurğulayıb ki, Azərbaycanda demokratik münasibətlərin inkişafı naminə partiyalara hökumət tərəfindən ayrılan diqqət daha da artacaqdır.
Müzakirələr zamanı Elşad Musayev, Elşən Musayev, Tahir Kərimli və Əsli Kazımova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Zəfər Günü”, “Anım Günü”, həmçinin Vətən müharibəsində Qələbə ilə bağlı müvafiq orden və medalların təsis olunması, habelə Bakı şəhərində Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yaradılması ilə bağlı sərəncamlarını yüksək qiymətləndirib, bu cür ali təşəbbüslərin böyük Qələbəni əbədiləşdirməyə xidmət edəcəyini vurğulayıblar.
Noyabrın 10-nun Türkiyədə Mustafa Kamal Atatürkün anım günü olduğunu nəzərə alaraq, Azərbaycan Respublikasında Zəfər Gününün tarixinin dəyişdirilməsi də partiya sədrləri tərəfindən alqışlanıb.
Görüşə görə təşəkkürlərini bildirən partiya rəhbərləri dövlətçiliyimizin, iqtidar ilə müxalifət arasında dialoqun və yeni siyasi konfiqurasiyanın inkişafına hər zaman dəstək olacaqlarını bildiriblər.
Bölməyə aid digər xəbərlər