“Şuşanın qorunması ilə bağlı müvafiq göstərişlər verilib. Azərbaycan hərbçiləri Şuşanı qoruyurlar, ətraf yüksəklikləri nəzarətdə saxlayırlar və saxlayacaqlar”.
GununNebzi.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Aydın Kərimovu Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.
Dövlət başçısı bildirib ki, Şuşada komendantlıq yaradılıb və indi isə mülki idarəetmə institutu yaradılır:
“Bir daha demək istəyirəm ki, sizə böyük etimad göstərilir. Çünki Şuşanın Azərbaycan tarixində xüsusi yeri var və Şuşanın bərpası, dirçəlməsi hamımızın işidir. Əlbəttə ki, bütün işlər planlı şəkildə aparılmalıdır, Şuşanın tarixi siması saxlanılmalıdır, Şuşaya yad olan hər hansı bir tikiliyə yol vermək olmaz. Mən artıq bir müddət bundan əvvəl Şuşaya mütəxəssislərdən ibarət böyük bir qrup ezam etmişdim. Onların arasında siz də var idiniz və vəziyyətlə tanış oldunuz. Bu qrup bir neçə gün Şuşada qalıb, bütün təftiş, təhlil işlərini aparıb və mənə məruzə edib. Şuşanın bərpası bunun əsasında aparılacaqdır.
Eyni zamanda, biz, əlbəttə ki, Şuşanın bərpadan sonrakı həyatını da geniş müzakirə edəcəyik. Mən artıq Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan etmişəm. Bərpadan sonra Şuşada həyat qaynamalıdır. İnsanlar qayıdandan sonra Şuşanın çox zəngin mədəni həyatı olmalıdır. Həm ölkə daxilindəki tədbirlər, eyni zamanda, bir çox beynəlxalq tədbirlər - festivallar, müsabiqələr, qastrollar orada keçirilməlidir. Yəni, Şuşa nəinki Azərbaycanın, əminəm ki, bölgənin mədəniyyət paytaxtı adına layiq olacaqdır”.
Bölməyə aid digər xəbərlər