23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Kamaləddin Qafarov: Postneft dövrünün uğuru hüquq mühafizə sistemi üzrə islahatların effektivliyindən çox asılıdır

Kamaləddin Qafarov: Postneft dövrünün uğuru hüquq mühafizə sistemi üzrə islahatların effektivliyindən çox asılıdır


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mayın 1-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevi videoformatda qəbul edərkən irəli sürdüyü fikir və tövsiyələr həm postneft dövrünün xarakteristikasının dəqiq müəyyən edilməsi, islahatların labüdlüyü vəbu şəraitdə hüquq mühafizə orqanlarında genişmiqyaslı struktur dəyişikliklərinin aparılması üçün strateji istiqamət kimi dəyərləndirilməlidir.

Bunu AIA.Az-a açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov bildirib.

Millət vəkilinin fikrincə, ölkəmizin başçısı tamamilə düzgün olaraq qeyd edib ki, hazırda-postneft dövründə həyata keçirilən islahatlar birinci növbədə əhalinin sosial rifahının, hər bir Azərbaycan vətəndaşının gündəlik həyatının yaxşılaşmasına xidmət edir:

"Məlum olduğu kimi, ölkə Prezidenti hələ bir neçə il bundan əvvəl bəyan edib ki, biz postneft dövrünə hazırlaşmalıyıq və bu gün, əslində, postneft dövrü ilə artıq üzbəüzük. Dünyanın neft bazarlarında pandemiya ilə bağlı müşahidə olunan iqtisadi böhran, neftlə zəngin olan bütün ölkələrin gəlirlərinə mənfi təsir göstərib. Ona görə də müasir mərhələdə ölkəmizdə ən prioritet məqsəd qeyri-neft sektorunun dinamik inkişafıdır və bu seqmentdə reallaşdırılan iqtisadi islahatlar nəticəsində postneft dövrünün uğuru təmin edilə bilər".

K.Qafarov bildirib ki, dövlətimizin başçısı digər sahələrdə həyata keçirilən islahatların prokurorluq orqanlarında da aparılmasını çox zəruri hesab etmiş və bununla bağlı sözügedən strukturların qarşısında yaxın gələcək üçün konkret vəzifələr qoyub:

"Məlum olduğu kimi, ötən ilin aprel ayında məhkəmə-hüquq islahatları barədə müvafiq fərman imzalayıb və bu istiqamətdə işlər davam etməkdədir. Bu baxımdan məhkəmə-hüquq sisteminin tərkib hissəsi olan prokurorluq orqanlarında da islahatların aparılması xüsusi önəm kəsb edir. Dövlətimizin başçısı videoformatda qəbul zamanı bu islahatların hüquq mühafizə orqanlarında, konkret halda prokurorluq sistemində qaçılmaz olduğunu açıq şəkildə bəyan edib.

Bütün sahələrdə olduğu kimi, prokurorluq orqanlarında da daha genişmiqyaslı islahatlara ehtiyac var. Bu gün Azərbaycanın hər bir sahəsində islahatların nəticələri vətəndaşlar tərəfindən yüksək qiymətləndirilir. İslahatlar yeniləşmə, yeni yanaşma, müasir şəraitə uyğunlaşma deməkdir. Biz islahatlar aparmaqla ölkəmizi gücləndiririk və ölkəmizin gələcək dayanıqlı inkişafını şərtləndiririk. Tərəqqi islahatlarsız mümkün deyil. Ona görə hüquq mühafizə orqanlarında da, digər sahələrdə olduğu kimi, islahatlara böyük ehtiyac var. Ümid edirəm ki, Azərbaycan Respublikasının Prokurorluğu bu islahatların aparılmasında uğurlar qazanacaq”.

Millət vəkili bildirib ki, bu qəbul zamanı ölkədə ictimai asayişin qorunması, bəzi neqativ hallara qarşı mübarizənin effektiv şəkildə aparılmasının zəruriliyi ilə bağlı məqamlara toxunulduğunu bildirdi və göstərdi ki, əslində, bu məqam cəmiyyətdə narazılıq doğuran halların birmənalı şəkildə aradan qaldırılmasına yönəlib:

"Prezidentimiz prokurorluq orqanlarının qarşısında ilkin olaraq başlıca vəzifə kimi qanunun aliliyinin tam təmin edilməsini və bunun ədalətli cəmiyyətin qurulması üçün başlıca şərt olmasını qoydu. O, hüquq mühafizə orqanları tərəfindən qəbul edilmiş qərarların bəzi hallarda qanunlara zidd xarakter daşımasını, sosial ədalətin pozulmasını, insanların haqlı olaraq narazı salındığını və beləliklə, ümumi işə böyük ziyan vurulduğunu da dilə gətirdi".

K.Qafarov sonda qeyd edib ki, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizənin ön plana çəkilməsi, Ağstafa, Biləsuvar, Yevlax və Neftçala rayonlarının icra başçılarının məhz bu səbəblərdən həbs edilməsi faktları göstərir ki, dövlətimiz ictimai həyatın bütün sahələrində neqativ hallara qarşı barışmaz mövqe nümayiş etdirir və prokurorluq orqanlarında islahatların dərinləşdirilməsinə yönələn bütün bu addımlar qətiyyətli və dönməz xarakter daşıyır.

aia.az


Tarix: 4-05-2020, 14:57 Oxunub: 87


Bölməyə aid digər xəbərlər