Dövlət başçısı İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı təbrik edib.
Təbrikdə deyilir: “Qardaş Türkiyə Respublikasının nümayəndəsi cənab Volkan Bozkırın Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının Sədri vəzifəsinə seçilməyi münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Sizin rəhbərliyiniz altında həyata keçirilən Türkiyə diplomatiyasının ardıcıl və uğurlu fəaliyyəti sayəsində ölkəniz beynəlxalq aləmdə böyük nüfuz qazanmışdır. Şəxsi təşəbbüsünüzün nəticəsində BMT sistemi tarixində Türkiyə nümayəndəsinin ilk dəfə belə mühüm vəzifəyə seçilməsi xəbəri bizi olduqca sevindirdi.
Əminəm ki, Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətləri birgə səylərimizlə çoxtərəfli müstəvidə də uğurla davam edəcəkdir.
Bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, işlərinizdə müvəffəqiyyətlər, qardaş Türkiyə xalqına daim rifah diləyirəm”.
Bölməyə aid digər xəbərlər