Ermənistanın Azərbaycanla sərhəddəki təxribatı tam fiaskoya uğradı.
GununNebzi.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Rusiyanın "Natsionalnaya oborona" jurnalına müsahibəsində deyib.
O bildirib ki, Azərbaycan-Ermənistan dövlət sərhədində Tovuz istiqamətində baş vermiş gərginlik erməni təxribatının nəticəsi idi:
"Bu hərbi avantüra ilə rəsmi Yerevan bir neçə hədəf güdürdü. Şərti olaraq onları daxili və xarici məsələlərə bölmək olar".
H.Hacıyev bildirib ki, daxili məsələlər Ermənistanda COVID-19 pandemiyası ilə bağlı güclənməkdə olan ağır siyasi və sosial-iqtisadi vəziyyətlə əlaqədardır:
"Məlum olduğu kimi, 2018-ci ildə Paşinyan Ermənistanda erməni xalqına populist vədləri fonunda hakimiyyətə gəldi. Amma zaman göstərdi ki, onun hökuməti həmin vədləri yerinə yetirmək, ölkədə həyatı yaxşı yönə dəyişmək iqtidarında deyil. COVID-19-la bağlı vəziyyət Ermənistan hökumətinin qeyri-effektivliyini aydın şəkildə göstərdi".
Onun sözlərinə görə, xarici səbəblər arasında Azərbaycanın beynəlxalq arenada nəhəng uğurlarını qeyd etmək lazımdır:
"Bizim beynəlxalq mövqelərimizin güclənməsi, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi məsələsində mövqelərimizin güclənməsi Ermənistanın paxıllığına səbəb olur. Bu şəraitdə destuktiv siyasət yürüdən və Azərbaycan ərazilərinin işğalını davam etdirən Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini iki ölkə arasında, bu dəfə dövlət sərhədində yeni gərginlik ocağı yaratmaqla beynəlxalq ictimaiyyətini diqqətini Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərdən yayındırmağa çalışır".
Prezidentin köməkçisi vurğulayıb ki, bu cür təxribatlarla rəsmi Yerevan guya Azərbaycanın Ermənistan ərazisinə hücum etməsi barədə rəy yaratmağa və Ermənistan-Azərbaycan münaqişəsinə üzv olduğu hərbi-siyasi təşkilatları cəlb etməyə çalışır:
"Bundan başqa, Ermənistanı məqsədləri arasında ixrac neft-qaz kəmərləri, "Şərq-Qərb" nəqliyyat dəhlizi kimi strateji beynəlxalq layihələrə təhdid yaratmaq yer alır. Əminliklə deyə bilərik ki, Ermənistan qarşıya qoyduğu məqsədlərə çatmadı və onun təxribatı tam fiaskoya uğradı".
H.Hacıyev qeyd edib ki, hərbi əməliyyatlara ilk olaraq Ermənistan qoşunları başlayıb. O, əlavə edib ki, Azərbaycanın Ermənistanla dövlət sərhədində heç bir hərbi planı və ya məqsədi yoxdur:
"Bir müddət əvvəl baş vermiş təxribat zamanı Azərbaycan Silahlı Qüvvələrinin döyüş tapşırığı dövlət sərhədlərinin və dinc əhalinin təhlükəsizliyinn qorunması idi. Azərbaycan ordusu düşmənə layiqli cavab verdi və öz döyüşqabiliyyətliliyini və yüksək döyüş ruhunu bir daha təsdiq etdi. Döyüş əməliyyatları zonasında vəziyyət barədə tam məlumatlı olan Azərbaycan Silahlı Qüvvələri operativ vəziyyətə səmərəli şəkildə nəzarət edirdilər".
O qeyd edib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının prinsipləri çoxdan məlumdur:
"Münaqişə BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbu etdiyi dörd qətnamə, Helsinki Yekun aktı, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll olunmalıdır. Digər həll yolu yoxdur və ola da bilməz. Bu prinsipləri əsas tutaraq mərhələli nizamlama prosesində Ermənistan öz işğalçı qüvvələrini Dağlıq Qarabağdan və ətraf rayonlardan çıxarmalı və məcburi köçkünlərin öz evlərinə təhlükəsiz qayıtmaları üçün şərait yaratmalıdır".
Prezidentin köməkçisi əlavə edib ki, Azərbaycan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin siyasi-diplomatik nizamlanması məsələsinə sadiq qalmaqdadır:
"Amma danışıqlar xətrinə danışıqlar qəbuledilməzdir. Münaqişənin həlli üçün ATƏT-in Minsk qrupu çərçivəsində Azərbaycan ərazilərinin azad edilmısi məsələsinin məqsədilə predmet danışıqları lazımdır. Azərbaycan prosesində Ermənistan işğalçı qüvvələrinin Dağlıq Qarabağdan və ətraf rayonlardan çıxarılması və məcburi köçkünlərin öz evlərinə təhlükəsiz qayıtmasında təkid edir. Öz növbəsində, beynəlxalq ictimaiyyət Ermənstana təcavüzkar ölkə olaraq açıq şəkildə bildirib ki, güc yolu ilə beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişdirilməsi qəbuledilməzdir. Sonda bir daha Azərbaycan Prezidenti İlham Əliyevin "Valday" beynəlxalq diskussiya klubunun plenar sessiyasında səsləndirdiyi mövqey təkrar etmək istəyirəm: "Qarabağ Azərbaycandır və nida işarəsi!"
Bölməyə aid digər xəbərlər