Azərbaycan Prezidenti İlham Əliyev Tatarıstan Rəisi Rüstəm Minnixanov ilə görüşüb.
GununNebzi.az xəbər verir ki, əvvəlcə Tatarıstan Rəisi Rüstəm Minnixanovun Azərbaycanın “Dostluq” ordeni ilə təltifedilmə mərasimi olub. Prezident İlham Əliyevin Sərəncamına əsasən, Azərbaycan ilə Rusiya Federasiyası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə Rüstəm Minnixanov “Dostluq” ordeni ilə təltif edilib.
Prezident İlham Əliyev deyib: “Layiq olduğunuz mükafat münasibətilə Sizi təbrik edirəm. Uzun illərdir ki, Siz ənənəvi əlaqələrimizin möhkəmlənməsi üçün çox iş görürsünüz. Ona görə də belə yüksək mükafatı Sizə təqdim etmək və yeni uğurlar arzulamaq mənim üçün çox xoşdur”.
Rüstəm Minnixanov deyib: “Cənab Prezident, çox sağ olun. Bu, yüksək mükafatdır. Biz Rusiya-Azərbaycan münasibətləri çərçivəsində əlaqələrimizi yüksək qiymətləndiririk. Tatarıstanda bunun xüsusi önəmi var. Tarixən belə alınıb ki, qardaş xalqlarımız və ən başlıcası, liderlərimiz - Heydər Əliyev və birinci Prezidentimiz Mintimer Şaripoviç Şaymiyev bizim inkişaf etdirdiyimiz həmin kursun əsasını qoyublar”.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev və Tatarıstan Rəisi Rüstəm Minnixanov birgə nahar ediblər.
Bölməyə aid digər xəbərlər