23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Sosial mənzillərin satışı ilə bağlı VACİB AÇIQLAMA

Sosial mənzillərin satışı ilə bağlı VACİB AÇIQLAMAMənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) həyata keçirdiyi mənzillərin elektron satışı şəffaflığın təmin edilməsində mühüm amildir.

GununNebziaz xəbər verir ki, bunu Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov bildirib.

“MİDA-nın keçirdiyi son satışlarda mənzil sahibləri olanların bir qismi bizə müraciət edərək evə sahib olduqlarını bildiriblər. Bir neçə gün öncə müəllim işləyən vətəndaşlardan biri mənzilə elektron formada sahib olduğunu və artıq evin açarlarını aldığını deyib. Mənə müraciət edənlərə dəfələrlə bildirmişəm ki, elektron müraciət etsinlər və artıq tələb və təklifin tarazlığı müşahidə olunur. Bu isə o deməkdir ki, mənzilə sahib olanların müraciət edənlərə nisbəti artmaqdadır. Yasamalda inşa edilmiş sosial evlərə müraciət kifayət qədər çox olduğu üçün satışa çıxarılan mənzillərin sayı müraciətdən xeyli az idi. O zaman da bildirmişdik ki, mənzil sahiblərinin sayı artdıqca ev sahibi olanların nisbəti çoxalacaq. Hövsanda bu artıq müşahidə olunur.

Təbii ki, heç bir əlavə ödəniş olmadan, vətəndaşların sadəcə elektron seçimlə mənzil sahibi olmaları sevindirici haldır. Qeyd edim ki, həm-müəllifi olduğum “Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına” dair Strateji Yol Xəritəsində və eləcə də digər qanunverici aktlarda elektron satış şəffaflığın formalaşması aləti kimi təsbit olunub. Əslində, elektron satış şəffaflığın təmin edilməsi baxımdan vacibdir. Sadəcə, tələb ilə təklif arasında fərq olduğundan ilkin mərhələlərdə satışa çıxarılan mənzillərin sayı evə sahib olmaq istəyənlərin müraciətlərindən az idi. Qeyd edək ki, Yasamal Yaşayış Kompleksində inşa edilən 1843 mənzildən 1654-ü Agentliyin sərəncamında idi. Bu mənzillərin satışı artıq başa çatıb”, - deyə ekspert vurğulayıb.

Deputat qeyd edib ki, bu ildən istifadəyə verilən Hövsan Yaşayış Kompleksi isə 2962 mənzildən ibarətdir. Hövsanda inşa edilən 11 binanın 7-si 7 mərtəbə, 4-ü isə 10 mərtəbəlidir. Həmin mənzillərin 803-ü hərbi qulluqçular üçün ayrılıb. Sosial evlər çərçivəsində daha çox mənzilin satışa çıxarılması tələb ilə təklif arasındakı fərqin aradan qaldırılmasına və artıq gələn il müraciət edənlərin xeyli hissəsinin elektron sistem vasitəsi ilə evə sahib olmasına imkan verəcək. Bu baxımdan, mövcud elektron sistemin qorunub saxlanması şəffaflıq baxımından daha məqsədəuyğundur. Qeyd edək ki, Hövsanda iyunun 30-da satışa çıxarılmış 249 mənzildən 171-nin rəsmiləşdirilməsi artıq başa çatdırılıb, qalan mənzillərin isə rəsmiləşdirilməsi davam etdirilir.

V.Bayramov qeyd edib ki, “Güzəştli mənzil” sisteminə beynəlxalq patentin alınması məqsədilə Ümümdünya Əqli Mülkiyyət Təşkilatına (World Intellectual Property Organization) müraciət edilib. Beynəlxalq təşkilat tərəfindən həmin iddia qəbul edilib və müvafiq prosedurların yerinə yetirilməsinə başlanılıb. Bundan əvvəl isə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin Müşahidə Şurasının Qərarı ilə 3 dildə (Azərbaycan, rus, ingilis) “Güzəştli mənzil sistemi” əmtəə nişanı qeydiyyata alınaraq təsdiq edilib. Həmçinin Əqli Mülkiyyət Agentliyi tərəfindən sistemin müəlliflik hüquqları qeydiyyata alınaraq Əsərin Qeydiyyatı Haqqında Şəhadətnamə təqdim olunub. Digər tərəfdən, “Güzəştli mənzil” sistemi vasitəsilə həyata keçirilmiş onlayn mənzil seçimi prosesləri yekunlaşdıqdan sonra beynəlxalq audit şirkəti “Ernst & Young” (“EY”) “Güzəştli mənzil” sistemini kompleks audit yoxlamalarından keçirərək sistemdə aparılmış bütün əməliyyatları hərtərəfli təhlil edir və öz “SOC 3” rəyini təqdim edir.

Ekspert əlavə edib ki, mənzil sahibi olmuş vətəndaşların mənzil seçimi prosesi barədə məlumatları sosial şəbəkələrdə paylaşmaları da məqsədəuyğun olardı.

Agentliyin Hövsan Yaşayış Kompleksində yerləşən 502 mənzilin satışı sentyabrın 10-da saat 11:00-da başlayacaq.


Tarix: 13-08-2020, 07:30 Oxunub: 110


Bölməyə aid digər xəbərlər