Dərman vasitələrinin satışına görə cərimələr artırılır.
GununNebzi.az xəbər verir ki, bu barədə məsələ İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni - 221.1-1 və 221.3-1-ci maddələrdə əksini tapıb.
Layihəyə əsasən, tibb müəssisələri üçün qablaşdırılmış dərman vasitələrinin pərakəndə satışına görə 9 min manatadək cərimə müəyyənləşəcək.
Tibb müəssisələri üçün qablaşdırılmış dərman vasitələrinin pərakəndə satışına görə inzibati xətanın bilavasitə obyekti olan dərman vasitələri müsadirə edilməklə vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə, hüquqi şəxslər 5000 manatdan 7000 manatadək məbləğdə cərimə ediləcək.
Bilə-bilə keyfiyyətsiz, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməmiş dərman vasitələrinin satışı, satış məqsədi ilə saxlanması və ya idxalı, habelə saxta dərman vasitələrinin istehsalı, satışı, satış məqsədi ilə saxlanması və ya idxalı nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərərin vurulmasına görə inzibati xətanın bilavasitə obyekti olan dərman vasitələri müsadirə edilməklə vəzifəli şəxslər 2000 manatdan 2500 manatadək məbləğdə, hüquqi şəxslər 7000 manatdan 9000 manatadək məbləğdə cərimə ediləcək.
Bununla yanaşı, İnzibati Xətalar Məcəlləsinə əlavə edilməsi təklif edilən yeni -221.12-ci maddəsinə görə, dərman vasitələrinin dövlət reyestrinə daxil edilməyən dərman vasitəsinin reseptə yazılmasına görə vəzifəli şəxslər cərimələnəcək.
Layihəyə əsasən, “Dərman vasitələri haqqında” Qanunda nəzərdə tutulan hal istisna olmaqla, dərman vasitələrinin dövlət reyestrinə daxil edilməyən dərman vasitəsinin reseptə yazılmasına görə vəzifəli şəxslər 100 manatdan 150 manatadək məbləğdə, hüquqi şəxslər 300 manatdan 400 manatadək məbləğdə cərimə ediləcək.
Təklif edilən yeni -221.13-cü maddədə isə dərman vasitəsinin Azərbaycan dilində olan istifadə təlimatı qablaşdırmanın içərisində və ya qablaşdırmanın yanında dərman vasitəsini müşayiət etmədiyi təqdirdə, həmin dərman vasitəsinin dövlət qeydiyyatı haqqında vəsiqənin sahibi tərəfindən aptek təşkilatının Azərbaycan dilində olan istifadə təlimatı ilə təmin edilməməsinə görə vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə, hüquqi şəxslər 5000 manatdan 7000 manatadək məbləğdə cərimə ediləcək.
Dərman vasitəsinin Azərbaycan dilində olan istifadə təlimatı qablaşdırmanın içərisində və ya qablaşdırmanın yanında dərman vasitəsini müşayiət etmədiyi təqdirdə, istehlakçının tələbi əsasında aptek təşkilatı tərəfindən kağız formasında çap edilərək ona təqdim edilməməsinə görə 50 manat məbləğində cərimə edilməsi təklif edilir.
Bölməyə aid digər xəbərlər