23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Avqustun 5-dən sonra sərt karantin rejimi yumşaldılacaq, yoxsa uzadılacaq - Təklif

Avqustun 5-dən sonra sərt karantin rejimi yumşaldılacaq, yoxsa uzadılacaq - Təklif“Proqnozlara görə, payızın sonlarından bu infeksiya tədricən yoxa çıxacaq”
Ölkəmizdə son bir həftədə gündəlik yoluxma halında azalma müşahidə olunurdu. Belə ki, iyul ayının əvvəlində gündəlik 500-dən çox yoluxma qeydə alınırdısa, son bir həftədə virusa yoluxanların sayı 400-dən aşağı, sağalanların sayı isə 600-ə yaxın idi.
Lakin iyulun 26-da yenidən bu rəqəmlərdə artım müşahidə edildi. Belə ki, yoluxanların sayı yenidən artaraq, 417 nəfərə çatdı.
Bəs yenidən bu statistika artan dinamikada davam edərsə, ölkədə tətbiq edilən sərt karantin rejimi uzadıla bilərmi?
Xatırladaq ki, Azərbaycanda ilk koronavirusa yoluxma halı 28 fevralda qeydə alınıb. Martın 24-dən qüvvədə olan xüsusi karantin rejimi mayın 4-də bir qədər yumşaldılmışdı. Lakin nəticədə virusa yoluxanların sayı sürətlə artmağa başladı. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən iyun ayından yenidən sərt karantin rejimi tətbiq edildi. Son qərar əsasən xüsusi karantin rejimi Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən və Şəki rayonlarının ərazisində avqustun 5-dək uzadıldı. Xüsusi karantin rejimi ilə əlaqədar həftə sonları ictimai nəqliyyatın fəaliyyətinə məhdudiyyət tətbiq edilir. Bakı metrosunun fəaliyyəti də dayandırılıb.
Qeyd edək ki, bəzi mütəxəssislər 14 iyul aksiyasından sonra yenidən virusa yoluxanların sayının artacağını və uyğun olaraq, sərt karantin rejiminin avqustun 5-dən sonra da uzadıla biləcəyini ehtimal edir.
Mövzu ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla “Yeni Müsavat”a danışıb. Professor qeyd edib ki, avqustun 5-dən sonra sərt karantin rejimi ləğv edilə bilər: “Ümumiyyətlə ”evdə qal" karantin rejimi ləğv olunsa daha yaxşı olar. Lakin bu şərtlə ki, əhalinin küçədə davranışlarına ciddi nəzarət olunsun. Yəni, qapalı məkanlarda, ictimai nəqliyyatda, o cümlədən metroda hər kəs tibbi maskadan doğru istifadə etməlidir. Tez-tez şahidi oluruq ki, bəzi vətəndaşlar maskanı çənəsinin altında gəzdirir, yalnız polis görəndə onu ağzına taxır. Bu cür yolverilməzdir. İnsanlar bilməlidir ki, bununla həm özlərini, həm də ətrafdakıları təhlükəyə qoymuş olurlar".
Adil Qeybulla Gürcüstandakı vəziyyəti ilə Azərbaycanın vəziyyətini müqayisə edib:
“Gürcüstanda vaxtında bütün tədbirlər görüldü, insanlar da qanunlara riayət etdilər. Ona görə də Gürcüstanda virusa yoluxanların sayı bizimki ilə müqayisədə xeyli az oldu. Ona görə də hesab edirəm ki, avqustun 5-dən sonra sərt karantin rejimi ləğv olunsa da karantin qaydaları sərtləşdirilməlidir. Yəni, sosial məsafə gözləmək, maska taxmaq, əlləri vaxtaşırı dezinfeksiya etmək lazımdır. Marketlərdə, qapalı məkanlarda qanunları pozan şəxslərə qarşı ciddi tədbirlər görülməlidir”.
Adil Qeybulla bir daha vurğulayıb ki, ölkədə virusa yoluxanların sayı statistika sayından 4-5 dəfə çoxdur:
“Bu, birmənalı olaraq belədir. Hər birimiz şahidi oluruq ki, ətrafda xeyli sayda virusa yoluxan şəxslər qeydiyyata düşmədən, evdə müalicə alırlar.
İkinci bir tərəfdən, məlum olduğu kimi 14 iyul tarixində keçirilən aksiyalarda insanlar karantin qaydalarını gözləmədən, maska taxmadan, sosial məsafə gözləmədən bir yerə toplaşdılar. Doğrudur, bu aksiya nə qədər bizim qürur yerimiz olsa da, karantin qaydalarının pozulması demək idi. Koronavirus hava damcı yolu ilə insandan insana yoluxur. Həmin aksiyada yəqin ki, çoxlu sayda insan virusa yoluxub və bu özünü müəyyən vaxtdan sonra göstərəcək. Hətta deyərdim ki, artıq özünü göstərməyə başlayıb. Bu mənada bizim ümidimiz yalnız insanların davranışları ilə bağlıdır".
Professor onu da qeyd edib ki, dünyanın bəlasına çevrilən koronavirus payızın sonunda tamamilə məhv ola bilər: “Düşünürəm ki, payız mövsümündə koronavirus bitəcək. Çünki bu cür virusla mutasiya uğradıqdan sonra tədricən yoxa çıxmağa başlayır. Ya bu virus bədəndə lövbər salacaq, ya da tamamilə məhv olacaq. Məlum olduğu kimi koronavirusun digər ştamları olan SARS və MERS virusunun ömrü 6-7 ay çəkdi. Yeni tip Covid-19-un isə 8-9 ay çəkəcəyi proqnozlaşdırılır. Buna görə də proqnozlara görə payızın sonlarından bu infeksiya tədricən yoxa çıxacaq”.
Qeyd edək ki, son zamanlarda bir sıra dünya alimləri Covid-19 virusunun insanlarda, xüsusən də kişilərdə sonsuzluq və digər xroniki xəstəliklərə səbəb ola bildiyini iddia edir. Adil Qeybulla bu iddialarla bağlı da rəy bildirib
“Koronavirusun sonradan hansı xəstəliyə səbəb ola biləcəyi xəstənin bu virusu necə keçirməsindən, xəstəliyin nə dərəcədə ağırlaşmasından asılıdır. Məsələn, əgər xəstədə ağ ciyərin böyük hissəsi zədələnibsə, onda daha ciddi izlər qala bilər.
Çox güman ki, postpandemiya dövründə yenidən bu barədə dəyərləndirmə aparılacaq. Ümumiyyətlə, bütün dünya ölkələri virusla bağlı məlumatları yenidən araşdırmalı, səhvləri təhlil etməlidir".


Tarix: 28-07-2020, 10:44 Oxunub: 98


Bölməyə aid digər xəbərlər