Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sabiq sədri İlqar Mustafayev həbs edilib.
“GununNebzi.az” Report-a istinadən xəbər verir ki, İ.Mustafayev xüsusilə külli miqdarda mənimsəmədə və vəzifə səlahiyyətlərini aşmada təqsirləndirilir.
Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü və 308-ci maddələri ilə ittiham irəli sürülüb.
Onun barəsində Binəqədi Rayon Məhkəməsi tərəfindən 3 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, bir neçə gün öncə Hesablama Palatası Dənizkənarı Bulvar İdarəsində audit yoxlaması aparıb və çatışmazlıqlar aşkar olunub. Onunla bağlı toplanmış materiallar Baş Prokurorluğa göndərilmişdi.
***
Baş Prokurorluğun Mətbuat xidməti Dənizkənarı Bulvar İdarəsinin vəzifəli şəxslərinə cinayət işinin başlanması barədə məlumat yayıb.
Bildirilib ki, Dənizkənarı Bulvar İdarəsi Publik Hüquqi şəxsin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə Hesablama Palatasından daxil olmuş material əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
İbtidai istintaqla həmin İdarənin İdarə Heyətinin sabiq sədri Mustafayev İlqar Əziz oğlunun 2021-2023-cü illər ərzində İdarənin fəaliyyəti istiqamətləri üzrə ayrılmış xüsusilə külli miqdarda pul vəsaitini mənimsəmə və israf etmə yolu ilə talamasına, vəzifə səlahiyyətlərindən sui-sitifadə etməsinə və vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış ilkin sübutlar əsasında İlqar Mustafayevə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.
Bölməyə aid digər xəbərlər