23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Vüsal Qasımlı: “Koronaböhrandan zərərçəkən sahibkarlara, muzdlu işçilərə və aztəminatlılara dəstək veriləcək”

Vüsal Qasımlı: “Koronaböhrandan zərərçəkən sahibkarlara, muzdlu işçilərə və aztəminatlılara dəstək veriləcək”

Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Prezidentinin sərəncamı imzalanıb.

Sərəncamı şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı “Report”a bildirib ki, "dəstək proqramı"nda məqsəd makroiqtisadi dayanıqlığın qorunması, əhalinin sosial rifahı və iqtisadi inkişafının təmin edilməsidir: “Vəsait dövlət büdcəsindən ayrıldığından emissiya xarakteri daşımır və pul kütləsinin artımını şərtləndirmir, beləliklə, monetar şəraiti yumşaltmaqla manatın məzənnəsinə və qiymətlərə təzyiq göstərmir. Ayrılan 1 milyard manat vəsait ÜDM-in 1,2%-ni və dövlət büdcəsinin 3,7%-ni təşkil etməklə əhəmiyyətli təsir gücünə malik olacaq. Azərbaycanda “dəstək proqramı”nın ÜDM-də və dövlət büdcəsində xüsusi çəkisi MDB məkanında bu göstərici üzrə ən yüksəkdir”.

Onun sözlərinə görə, ötən il toplu maliyyə balansının gəlirlərinin (proqnoza əsasən) 34,1 milyard manatı və ya 53,5%-i müəssisə və təşkilatların resursları təşkil edib: "Toplu maliyyə balansının təhlili göstərir ki, müəssisə resurslarının 86%-i mənfəət, 14%-i isə amortizasiya ayırmaları təşkil edir. “Dəstək proqramı”, ilk növbədə, müəssisələrin dayanıqlılığını təmin etməlidir ki, biznes ayaqda qala bilsin. Çünki biznesin xilası, onun iflası nəticəsində yaranan sosial-iqtisadi təsirlərin aradan qaldırılması ilə müqayisədə daha ucuz başa gəlir. “Dəstək proqramı”nın həyata keçirilməsi həm də “kölgə iqtisadiyyatı”nın azalmasına xidmət edəcək, çünki biznes dövlətdən dəstək almaq üçün həmdə balansını “ağartmalıdı”. Xüsusilə məşğulluğu daha geniş miqyasda təmin edən biznesə dəstək daha geniş olmalıdır".

V.Qasımlı qeyd edib ki, məşğulluğun 14,5%-ni təmin edən ticarət və nəqliyyat vasitələrinin təmiri, 4,2%-ni təmin edən nəqliyyat və anbar təsərrüfatı, 1,6%-ni təmin edən turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6%-ni təmin edən istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət “Dəstək proqramı”nın mərkəzində olacaq.

"Bütün hallarda ödənişli ictimai işlər, özünü məşğulluq və ünvanlı sosial yardım kimi layihələrin əhatə dairəsinin artırılması gündəmdədir. “Məhsul və xidmətlər hesabı”nın təhlili göstərir ki, ötən il 203,7 milyon manat təşkil edən “məhsula və idxala subsidiyalar”ı bu il daha da artırmaqla prioritet sektorları dəstəkləmək mümkündür. Qlobal şokların təsiri altında həm əhali, həm də müəssisələr səviyyəsində ödəməmələr və borclar problemi meydana çıxır. “Dəstək proqramı” zərər çəkən sektorlara, sahibkarlara, muzdlu işçilərə və aztəminatlı insanlarımıza dəstəyi nəzərdə tutur”, - deyə V.Qasımlı bildirib.

Onun sözlərinə görə, Azərbaycan dövləti koronaböhranla mübarizədə heç bir xarici dəstəyə arxalanmadan, yalnız öz resursları ilə fəaliyyət göstərir: "Hansı ki, Beynəlxalq Valyuta Fondu və Dünya Bankı başda olmaqla beynəlxalq qurumlar koronaböhranla mübarizədə ehtiyacı olan dövlətlərə yardım etməyə başlayıblar. Azərbaycan ÜST-in “COVID-19 müraciəti” adlı Fonduna 5 milyon ABŞ dolları məbləğində könüllü maliyyə yardımı etməklə həm də qlobal səviyyədə sosial məsuliyyətini ifadə edib".


Tarix: 20-03-2020, 16:00 Oxunub: 81


Bölməyə aid digər xəbərlər