23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Azərbaycanda kapitalın və əmlakın amnistiyası nəzərdən keçirilir

Azərbaycanda kapitalın və əmlakın amnistiyası nəzərdən keçirilir
gununnebzi.az “Azərbaycanda kapitalın və əmlakın amnistiyasının nəzərdən keçirilməsinin məqsədi iqtisadi artımın və investisiyaların maliyyə mənbələrinin genişləndirilməsidir”.

Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib.

“Azərbaycanda əvvəllər də iqtisadi siyasətdə amnistiya elementləri olub. Prezident İlham Əliyevin təsdiq etdiyi "Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Qanun əslində, müəyyən dərəcədə vergi amnistiyası kimi qəbul edilə bilərdi. Bu qanunla faiz və maliyyə sanksiyaları üzrə borclar silinmişdi. Dünya təcrübəsində də amnistiyanın müxtəlif növlərinə, həmçinin, uğurlu və uğursuz nəticələrinə rast gəlmək mümkündür. Rusiyada 2015-ci ildən başlayaraq elan edilmiş iki amnistiya çərçivəsində 10 milyard avro vəsait bəyan edilib, bu ilin martında bitən üçüncü amnistiyanın nəticələri isə hələ açıqlanmayıb. Gəlirlərin və kapitalın amnistiyası Hindistanda beş dəfə, Portuqaliyada dörd dəfə, Fransa, Avstriya və İrlandiyada iki dəfə keçirilib. Dünyada tətbiq edilən kapital, əmlak, vergi və gəlir amnistiyaları gözləntiləri müxtəlif səviyyələrdə doğruldub”, - deyə o qeyd edib.

V.Qasımlının sözlərinə görə, sahibkarların vergi, statistika və digər dövlət orqanlarına təqdim etdikləri hesabatları müqayisə edəndə, həmçinin ev təsərrüfatlarının gəlirləri və xərclərini tutuşduranda “müşahidə olunmayan iqtisadiyyatın” konturlarını görmək olur:

“Vergi və gömrük orqanlarının 2019-cu ildəki “kölgə iqtisadiyyatı” ilə səmərəli mübarizəsi nəticəsində büdcəyə proqnozdan əlavə 1 milyard manat vəsait daxil oldu. Azərbaycanda müşahidə olunmayan iqtisadiyyatın ÜDM-də payı rəsmi rəqəmlərə əsasən, 8,7% təşkil edir. Qalan gəlirlərin istifadəsi hesabatının təhlili göstərir ki, ölkədə illik qənaətin məbləği 20-25 milyard manatdır. Buna görə də, dəqiq qiymətləndirmə çətin olsa da, kapital və əmlak amnistiyası elan olunacağı təqdirdə əhəmiyyətli bir məbləğin leqallaşması potensialının olduğunu demək mümkündür. Əslində, kapital və əmlak amnistiyası “kölgə iqtisadiyyatı”na qarşı mübarizənin məntiqi davamı ola bilər. Xüsusən, “Vergi Məcəlləsi”nə edilən dəyişikliklər sahibkarları stimullaşdırıcı və inzibati yollarla öz bizneslərini “ağartmağa” sövq edir.

Beynəlxalq təcrübə göstərir ki, kapitalın leqallaşdırılması onun sahiblərinin maraqlarını ifadə etməlidir. Xüsusən də, kapitalın gəlirliliyi (Return On Equity) elə bir səviyyədə olmalıdır ki, leqallaşmadan sonra kapitaldan xalis gəlir əldə etmək imkanı çoxalsın. Əgər fürsət dəyəri (opportunity cost) uyğun olacaqsa, amnistiya kapital sahiblərini onu leqallaşdırmağa cəlb edəcək. Bu gün bütün dünyada səhmlərin dəyəri düşdüyündən investorlar “nağd pul şah”dır deyirlər. Bu da bir şansdır ki, əllərdəki nağd pul leqallaşmağa meyillənsin. Bu ilin martında Azərbaycanda 20 min manatdan artıq vəsaiti olan bəzi pul sahibləri Maliyyə Monitorinqi Xidmətinə bəyannamə veriləcəyini bilib, dollar almırlar. Amnistiya belə kapital sahiblərinə də cəlbedici ola bilər".

O, həmçinin deyib ki, inkişaf etməkdə olan ölkə kimi, Azərbaycanda kapital və əmlak amnistiyasını çətinləşdirən amillər var:

"Məsələn, pandemiya başlayandan inkişaf etməkdə olan ölkələrdən 90 milyard ABŞ dolları sərmayə çıxıb. Bununla belə, ölkəmizin beynəlxalq miqyasda şəffaflıq təşəbbüslərinə qoşulması da kapital və əmlak amnistiyası üçün əlverişli haldır. Azərbaycan maliyyə monitorinqi orqanlarının - Eqmont Qrupunun üzvüdür, Avropa Şurasının Pulların Yuyulması və Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsi – MONEYVAL-da iştirak edir və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Maliyyə Tədbirləri üzrə İşçi Qrupu – FATF-la əməkdaşlıq edir.

Amnistiya nəticəsində leqallaşan kapital ölkədə investiya qoyuluşunun artımı, qiymətli kağızlar bazarının inkişafı, bank sektorunda canlanma, nağdsız dövriyyənin böyüməsi, büdcə gəlirlərinin artması və iqtisadi fəallığın yüksəlməsi ilə nəticələnə bilər. Bunun üçün amnistiyanın forması, şərtləri, müddəti, məqsədləri, əhatəsi müəyyənləşdirilməli və ən əsası, qarşılıqlı etimad mühiti təmin olunmalıdır. Kapital və gəlir amnistiyası elə həyata keçirilməldir ki, deklarasiya olunan vəsaitin həm də sərmayə kimi yatırılması imkanları olsun.

Məsələn, bəyan olunan kapitalın hazırda tikintiyə istiqamətlənməsi daha çox multiplikativ effekt yaratmaq gücündədir. Həmin vəsaitlər banklar, investisiya fondları, marketmeyker institutları, investisiya şirkətləri, fond birjası, finteklər, investisiya bankları, sənaye parkları, aqroparklar, texnoparklar və başqa vasitələrlə real iqtisadiyyata yönlədirilə bilər”.


Tarix: 7-04-2020, 13:00 Oxunub: 95


Bölməyə aid digər xəbərlər