Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Respublikasının Xalq artisti Nurəddin Mehdixanlı ilə görüşüb.
Xalq artistini işğalçı düşmən üzərində parlaq qələbə münasibəti ilə Milli Məclisin Mədəniyyət Komitəsi adından təbrik edən Qənirə Paşayeva, ona ən xoş diləklərini yetirib: “Siz, milli teatr və kinomuzun inkişafında özünəməxsus xidmətləri olan dəyərli sənətkarsınız. Sizin sənət dünyanız vətənpərvərlik, milli ideallarımıza sədaqət örnəyidir. Heç təsadüfi deyil ki Azərbaycan Böyük Vətən Müharibəsi başlayınca, siz cəbhəyanı bölgələrdə, eləcə də, döyüşən əsgərlərimiz qarşısında silsilə mədəni proqramlarla çıxış etdiniz, yorulmadan çalışdınız.
Çox şadıq ki Ordumuzun xilaskarlıq missiyası mədəniyyət beşiyimiz Şuşa şəhərinin, digər şəhər və rayonlarımızda tapdaq altında qalmış, dağıdılmış, təyinatı dəyişdirilmiş yüzlərlə mədəniyyət müəssisəsinin, abidənin, tapınağın da bərpası, təmiri üçün imkanlar açdı. Ümidvaram ki sizi Şuşa teatrının səhnəsində, işğaldan azad etdiyimiz torpaqlardakı digər mədəniyyət müəssisələrimizdə çıxış edən görəcəyik.
Müharibə günlərində şəhid olan hərbçilərimizin ruhu qarşısında bir daha ehtiramla baş əyir, onların müqəddəs işinin yarımçıq qalmadığı üçün qürur hissi keçiririk.
Sizi, Sizin timsalınızda xalqın milli ruhunu diri tutan bütün sənət adamlarını bir daha tarixi Zəfər münasibəti ilə ürəkdən təbrik edirəm”!
Görüşdə “Nəfəs” Xeyriyyə Təşkilatının sədri Firəngiz Balakişiyeva, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırova və bir sıra dəyərli ziyalılarımız iştirak ediblər. Xalq artisti səmimi görüş üçün təşəkkür edib.
Bölməyə aid digər xəbərlər