gununnebzi.az Türkiyənin Daxili İşlər naziri Süleyman Soylunun istefası ölkə gündəmini qarışdırıb. Hər kəsə maraqlı olan istefa qərarının təfərrüatları ortaya çıxıb.
Soylunun istefaya getməsinə səbəb olan son böhran 30 böyük şəhər və Zonquldakda komendant saatı elan edilməsi ilə meydana gəlib. Belə ki, Elmi Şuranın 10 aprel iclasından sonra Səhiyyə naziri Fəxrəddin Qoca küçəyə çıxma qadağasının hələ ki, gündəmdə olmadığını, lazım gəldiyi təqdirdə tədbir görüləcəyini açıqlamışdı. Ancaq bu açıqlamadan bir saat sonra Daxili İşlər Nazirliyi tərəfindən 30 böyük şəhərdə və Zonquldakda 48 saatlıq komendant rejimi elan olunmuşdu. Sözügedən qərardan sonra ölkə daxilində vətəndaşların marketlərə axın etməsilə fərqli yerlərdə izdiham və küçə davaları müşahidə edilmişdi.
Vətəndaşların bazarlara axın etməsi, “Evdə qal” kampaniyası ilə virusun qarşısının alınması səylərinə ciddi zərbə vurub. Bu hadisədən sonra Süleyman Soylu verdiyi qərara görə bir sıra tənqid və etirazlarla üzləşib.
“Hürriyet” yazarı Əbdülqədir Səlvi qeyd edib ki, Süleyman Soylu istefa qərarını elan etməsindən əvvəl onunla Prezident Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub. Soylu komendant saatı ilə əlaqəli bütün baş verənlərə görə məsuliyyəti öz üzərinə götürüb və istefa istəyini Türkiyə Prezidentinə çatdırıb. Ancaq telefon danışığı zamanı Ərdoğan tərəfindən Soylunun bu qərarı qəbul edilməyib. Daha sonra isə Türkiyə Prezidenti yanında Koordinasiya Mərkəzi tərəfindən açıqlama yayılıb.(Qafqazinfo)
“Nazirin istefa tələbi Prezidentə çatdırılıb. Prezident bu tələbin uyğun olmadığını nazirin nəzərinə çatdırıb. Nazirin istefası qəbul edilməyib, özü vəzifəsinə davam edəcək”,- deyə açıqlamada qeyd olunub.
Xatırladaq ki, Türkiyə DİN rəhbəri Süleyman Soylu 2 il əvvəl də istefa qərarı ilə gündəmə gəlmiş, lakin o zaman da qərar Prezident Ərdoğan tərəfindən qəbul edilməmişdi.
Bölməyə aid digər xəbərlər