Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi ictimai nəqliyyat vasitələrinin (avtobus və taksi) sürücülərinə müraciət edib.
GununNebzi.az xəbər verir ki, idarənin şöbə rəisi polis polkovniki Vaqif Əsədov taksi sürücülərinə səslənərək bildirb ki, sərnişinlərin rahat və təhlükəsiz daşınmasını texniki cəhətdən saz vəziyyətdə olan nəqliyyat vasitələri ilə həyata keçirtmək lazımdır. Taksi fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələrində "Taksi" tanınma nişanları ilə avtomobilin damında müvafiq fənərlə, sağ və sol qapılarda şahmat qaydasında yerləşdirilmiş damalarla təhciz olunmalı, onun salonunda taksometr, sürücünün adı, soyadı, fotoşəkili və daşıyıcının adı, ünvanı, telefon nömrəsi barədə məlumat lövhəsi yerləşdirilməlidir. Taksi sürücüləri sərnişinləri düşürən zaman dayanma durma qadağan olunmayan yerdə dayanmalı, sifariş gözləyərkən isə 5.14 nişanı ilə işarələnmiş taksi duracaqlarında durmalıdırlar. Taksi duracağı ilə işarələnməmiş yerdə dayanıb sifariş gözləmək qanunvericiliklə qadağandır.
O cümlədən taksi fəaliyyəti ilə məşğul olan sürücülər bu tələblərlə yanaşı sərnişin daşıma üçün xüsusi icazə sənədinin də (fərqlənmə nişanının) qaydasında olmasına nəzarət etməlidir.
Vaqif Əsədov həmçinin avtobus sürücülərinə səslənərək bildirib ki, sərnişinlərin daşınması və onların təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə yalnız xüsusi ayırılmış avtobus dayanacaqlarında dayansınlar. Yolun hərəkət hissəsinin ikinci cərgəsində avtobusun saxlanılması təbii ki, yolun daralmasına və arxadan hərəkət edən avtomobil sürücülərinin hərəkətinə maneə yaradır. Ona görə də hərəkət iştirakçılarına maneə yaratmamaq üçün qanunvericiliyin tələblərinə riayət etmək lazımdır.
Avtobus sürücüsünün dayanacaqdan kənarda dayanmasına, sərnişinlərlə birgə yanacaq doldurma məntəqəsinə daxil olmasına görə, o cümlədən taksi sürücüləri işarələnmiş taksi duracaqlarından kənarda sifariş qəbul etməsinə və fərqlənmə nişanı olmadan sərnişin daşımasına görə məsuliyyətə cəlb ediləcəklər.
Vaqif Əsədov onu da qeyd edib ki, 2021-ci il yanvar ayının 1-dən bu günə kimi taksi fəaliyyəti ilə məşğul olan sürücülər qarşısında qoyulmuş tələbləri pozan yüzdən artıq sürücü aşkarlanaraq məsuliyyətə cəlb edilib. Eyni zamanda bu ay ərzində səksənə yaxın avtobus sürücüsü barədə də inzibati tənbeh tədbirləri görülüb.
Bölməyə aid digər xəbərlər