Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma və gündəlik ölüm halındakı say artımı səbəbindən məhdudiyyətlərin tətbiqi davam edir. Hökumətin riskləri azaltmaq məqsədilə tətbiq etdiyi növbəti həftəsonu 56 saatlıq “Evdə qal!” rejimi qüvvəyə minib. Dekabrın 18-də Türkiyə vaxtı ilə saat 21.00-da qüvvəyə minən rejim dekabrın 21-də saat 5.00-da başa çatacaq.
gununnebzi.az Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, dekabrın 18-da Türkiyə üzrə 205 min 809 nəfər testdən keçirilib. Onlardan 26 min 410 nəfərdə virus əlaməti aşkarlanıb, 4 min 103 nəfər müalicəyə cəlb olunub. Gün ərzində bu xəstəlikdən 246 nəfər ölüb, 31 min 945 xəstə isə sağalıb. Hazırda 5 min 707 xəstə infeksiya səbəbindən reanimasiyadır. İndiyədək ölkə üzrə 1 milyon 982 min 90 nəfərdə infeksiya aşkarlanıb.
Qeyd edək ki, Türkiyə üzrə gündəlik tətbiq olunan “Evdə qal!” rejimi saat 21.00-dan 5.00-dək davam edir. Dekabrın 31-də isə bu rejim yerli vaxtla saat 21.00-dan başlayaraq dörd gün davam etməklə 2021-ci il yanvarın 4-də saat 5.00-dək qüvvədə olacaq. Yeni il şənlik və mərasimlərinin keçirilməsi nəzərdə tutulmur.
Bölməyə aid digər xəbərlər