ABŞ Dövlət Departamenti Gürcüstan parlamenti tərəfindən “Xarici təsirin şəffaflığı haqqında” qanunun yekun olaraq qəbul edilməsini qınayıb.
GununNebzi.az “European pravda” portalına istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin nümayəndəsi Metyu Miller danışıb.
Onun sözlərinə görə, ABŞ Gürcüstan parlamentinin sözügedən fəaliyyətlərini tənqid edir: “Hakim “Gürcü arzusu” partiyası bu qanunu qəbul edərək ölkəni Avropaya inteqrasiya yolundan daha da uzaqlaşdırdı və qanuna etiraz etmək üçün həftələrlə küçələrə axışan gürcü xalqının Avro-Atlantik istəklərinə məhəl qoymadı”.
Həmçinin qeyd olunub ki, hakim partiyanın addımları və Qərb əleyhinə ritorikası Gürcüstanın demokratik kursuna təhdid doğurur.
Xatırladaq ki, mayın 14-də Gürcüstan parlamenti "Xarici təsirin şəffaflığı haqqında" qanunu üçüncü oxunuşda qəbul edib. Sözügedən qanun xaricdən maliyyələşən qeyri-hökumət təşkilatlarının və KİV-lərin xüsusi reyestrdə qeydiyyata alınmasını və illik bəyannamələrin doldurulmasını nəzərdə tutur. Qanun layihəsinin parlamentdə müzakirəyə çıxarılması ölkədə kütləvi etiraz aksiyalarına və etirazçılarla polis arasında qarşıdurmalara səbəb olub. Gürcüstan Prezidenti Salome Zurabişvili isə ölkədə etirazlara səbəb olan bu qanuna veto qoyub. Mayın 28-də isə Gürcüstan parlamenti Zurabişvilinin qanuna veto qoymasını səs çoxluğu ilə ləğv edib.
Bölməyə aid digər xəbərlər