23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
“Onu Fazil Məmmədovun yanında görmüşəm, yaxın dostudur”

“Onu Fazil Məmmədovun yanında görmüşəm, yaxın dostudur”

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla həbs edilmiş “Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədovun məhkəməsi davam edir.

GununNebzi.az
“Qafqazinfo"ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Məmmədovanın sədrliyi ilə keçirilən iclasda R.Məmmədov vəkillərin suallarını cavablandırıb. O, əvvəlcə güclü maliyyəsinin haradan gəldiyinə aydınlıq gətirib:

“Vaxtilə "Azəri-Çıraq-Günəşli" yatağında tikinti aparan şirkətdə idarə rəisi olmuşam. Orda idarə rəisi olan yeganə azərbaycanlı mən idim. O vaxt BP şirkətinin bütün nəqliyyat, yemək, insan və yük daşımalarını mənim şirkətlərim həyata keçirirdi. Buna görə də kifayət qədər pulum var idi. 500 min qazancım olurdu. Hörmətli hakim, bu arada mən ilk milyonumu 26 yaşımda qazanmışam.

2011-ci ildə “Bein Şteyms” şirkətinin bütün payını almaq üçün 12,5 milyon manatı hava limanında həmin şirkətin nümayəndələrinə verdim. 4-5 kisə pul idi. Şəxsi təyyarəyə qoyub apardılar”.

Daha sonra vəkillər Rasim Məmmədova iş adamları Əşrəf Kamilov və Əli Kərimli ilə hansı əlaqələri olduğunu soruşublar. Belə ki, onlar R.Məmmədovun şirkətlərində rəhbər vəzifələr tutublar. Təqsirləndirilən şəxs deyib ki, onlarla yaxın tanışlığı yoxdur:

“Əşrəfi bir dəfə Fazil Məmmədovun (keçmiş Vergilər naziri) yanında görmüşəm. Onun yaxın dostudur. Əli Kərimlini isə ümumiyyətlə tanımıram. Mən onlardan hər hansı tapşırıq almamışam. Onlar “Baku Steel Company”nin fəaliyyətinə hər hansı maddi yardım etməyiblər. Pulu var idi onların? Mən Abdulbari Gözəlin bankından kredit götürüb iş görmüşəm. Azərbaycan Sənayə Bankından”.
“Onu Fazil Məmmədovun yanında görmüşəm, yaxın dostudur”

R.Məmmədov sualları cavablandırarkən şirkətin rəhbəri olduğu müddətdə daim qazanc əldə etdiklərini deyib:

“Şirkət 10 ildə 220 milyon manat qazanc əldə edib. Talama varsa qazanc necə ola bilərdi? “Baku Steel Company”də işlər mənə gəlib çatana kimi 40 nəfərdən keçirdi. Mən malları bilərəkdən baha qiymətə göstərsəm, bunu həmin adamlar bilərdi. Və orada nüfuzlu adamların qohumları çalışır. Yeyinti olsa, gizlətmək mümkün olmazdı. Şirkətin pullarının 4-5 yerdə qeydiyyatı aparılır. Orada pul silmək mümkün deyil. Mənə deyirlər, metalı baha qiymətə almısan, tonunu 450 manata almışam da. Bu gün “Baku Steel Company” 520 manata alır.

İstintaq zamanı mənim borcum olmasa da, boynuma qoyulduğu üçün “Azəri Steel” şirkətinin 10 milyon manat kredit borcunu ödədim. Əvvəl işçim olmuş, pul oğurladığı üçün vaxtilə qovduğum adama 3 milyon manat, əlavə olaraq başqa bir işlə bağlı 9,8 milyon manat pul ödətdiriblər mənə”.

R.Məmmədov son olaraq xarici satışlarla bağlı sualları cavablandırıb: “2015-ci ildə Şahin Mustafayevlə (keçmiş İqtisadiyyat naziri) birlikdə bir italyan şirkəti ilə 1,2 milyard manatlıq müqavilə bağladıq. Amma sonradan iş alınmadı. Bizdən armatur almaq istəyən xarici şirkətlər deyirdilər ki, malı 750 manata alacağıq. Amma sənəddə 1000 manat göstərin. Yerdə qalan pulu da “otkat” kimi geri qaytarırdıq. Yəni ordan hər hansı qazancımız olmayıb. Yəni xarici satışdan 60 milyon manat qazanc əldə etməyimiz doğru deyil”.

R.Məmmədovun vəkilləri deyib ki, Dövlət Gömrük Komitəsindən rəsmi sorğu verərək “Baku Steel Company”nin xarici satışları ilə bağlı bütün məlumatları alıblar. Həmin məlumatlar məhkəməyə təqdim edilib.

Proses 19 sentyabrda davam etdiriləcək.

Xatırladaq ki, R.Məmmədov 2021-ci ildə DTX-nin keçirdiyi əməliyyatla həbs olunub. Onun “Baku Steel Company”nin rəhbəri işlədiyi dövrdə 50 milyon manatdan çox pulu taladığı bildirilir. Məhkəmədə elan olunan ittiham aktında isə israf edilən və mənimsənilən pulların ümumi məbləğinin 185 milyon manatdan artıq olduğu göstərilib.

Tarix: 16-09-2022, 21:20 Oxunub: 61


Bölməyə aid digər xəbərlər