Təlimə gələnlərin noutbuklarını lombarda qoyub pul götürürmüş - Foto

Təlimə gələnlərin noutbuklarını lombarda qoyub pul götürürmüş - Foto
Bakıda özünü şirkət rəhbəri kimi təqdim edən şəxsin kiberdələduz olması müəyyən edilib.

GununNebzi.az
DİN-in Mətbuat Xidmətinə istinadən xəbər verir ki, bir qrup şəxs Nəsimi RPİ-yə müraciət edərək özünü onlayn iş təklif edən şirkətlərdən birinin rəhbəri kimi qələmə verən Rüfət adlı şəxsin internet üzərindən alqı-satqı etmək istiqamətində təlim kursu keçmək vədi ilə onların pulunu ələ keçirib dələduzluq etdiyini bildiriblər.

Həmin şəxs - 27 yaşlı Rüfət Şirəliyev polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Araşdırmalar zamanı aşkar edilib ki, R.Şirəliyev özünü instaqram sosial şəbəkəsində heç bir müvafiq qeydiyyatı olmayan şirkətin rəhbəri kimi təqdim edib və şəbəkə hesabında çəkdiyi videolarda “Shopify” platforması üzərindən onlayn alqı-satqı etmək üçün təlim kursları təşkil etdiyini bildirib. Kursu mənimsəyən şəxslərin külli miqdarda gəlir əldə edə biləcəklərini deməklə insanlarda təlimə həvəs oyadaraq onların pul vəsaitlərini ələ keçirməyə nail olub.

Həmçinin müəyyən edilib ki, R.Şirəliyev bir neçə şəxsi guya hazır biznesini satacağı adı ilə aldadaraq pul vəsaitlərini ələ keçirib, eləcə də təlimə gələn şəxslərin noutbuklarını proqram köçürmək bəhanəsi ilə onlardan alıb lombarda qoyaraq pul götürüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edilib ki, R.Şirəliyevin əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, bu barədə polis orqanlarına məlumat verə bilərlər.


Tarix: Dünən, 11:38 Oxunub: 1


Bölməyə aid digər xəbərlər