23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Bu ilin dövlət büdcəsi iqtisadi artımı bərpa edəcək - Vüsal Qasımlı

Bu ilin dövlət büdcəsi iqtisadi artımı bərpa edəcək - Vüsal QasımlıAzərbaycan Respublikasının Prezidenti tərəfindən 2021-ci il dövlət büdcəsi haqqında qanun qəbul edilib. Müzəffər Ali Baş Komandan və Ordumuzun sayəsində Azərbaycanın ərazi bütövlüyü təmin olunduqdan sonra dövlət büdcəsinin yeni şəraitə və məkana uyğunlaşması prosesi gedir.

GununNebzi.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı 2021-ci ilin dövlət büdcəsinə münasibət bildirərkən deyib: “Azərbaycan da dünya meqatrendlərinə uyğun olaraq dövlət büdcəsinin həcmini genişləndirir. XIX əsrdə inkişaf etmiş ölkələrdə dövlət xərcləmələri ÜDM-in 8 faizini təşkil etdiyi halda, hazırda bu göstərici 40 faizə çatır. Azərbaycanda da 2021-ci ildə dövlət büdcəsi xərclərinin ÜDM-də payı 37,7 faiz proqnozlaşdırılır. Hətta Avropa Yenidənqurma və İnkişaf Bankı keçid ölkələri barədə hesabatında “dövlət geri qayıdır” ifadəsini işlədib. 2021-ci ilin dövlət büdcəsi qarşısında duran əsas prioritetlər Vətən müharibəsindən sonra ölkənin müdafiə və təhlükəsizlik qabiliyyətinin daha da artırılması, Qarabağın reinteqrasiyası, iqtisadi artımın bərpası və sosial rifahdır. Buna görə də 2021-ci ildə dövlət büdcəsinin xərcləri 28,5 milyard manat olmaqla, 2019-cu ilin faktiki icrası ilə müqayisədə 16,9 faiz, 2020-ci illə müqayisədə isə 5,9 faiz çox proqnozlaşdırılıb.

Dövlət büdcəsinin artan xərclərini tarazlaşdırmaq üçün proqnoza görə, 2021-ci ilin dövlət büdcəsində qeyri-neft sektorundan gəlirlərin artım tempi 15 faiz, başqa sözlə, qeyri-neft sektorunun özünün artım tempi 3,1 faizdən 4,8 dəfə çox olacaq. Əlbəttə, burada qeyri-neft sektoru üzrə dövlət büdcəsinin gəlirlərinin 7,6 faizini və ya 880 milyon manatını dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondundan transfert, 2,1 faizini və ya 250 milyon manatını Mərkəzi Bankın mənfəətindən ayırmalar təşkil edir. “Fiskal fəza”da yeni gəlir mənbələrinin cəlb olunması qeyri-neft real sektorunun “büdcə yükü”nü azaltsa da, dövlət borcuna xidmət risklərini artırır. Amma nəzərə alanda ki, Azərbaycanda dövlət borcunun ÜDM-ə nisbəti 23,3 faiz təşkil etməklə, strategiyada nəzərdə tutulan – 30 faizdən aşağıdır, onda cari vəziyyətə uyğun olaraq prioritet düzgün seçilib. Beynəlxalq Valyuta Fondunun “fiskal fəza romb”una uyğun olaraq Azərbaycan gələcəkdə xərclərin səmərəliliyinin artırılması və gəlirlərin mobilizisiyası istiqamətində getməklə “fiskal fəza”dan daha yaxşı istifadə edə bilər. 2021-ci ildə icmal büdcənin və dövlət büdcəsinin kəsirinin 2020-ci ilə nisbətən az, habelə cari əməliyyatlar hesabınının müsbət saldo ilə proqnozlaşdırılması manatın sabitliyi və inflyasiyanın cilovlanması üçün fundamental əsaslar yaradır. Əsas odur ki, fiskal genişlənmə və yumşaq monetar siyasət, həmçinin əlverişli biznes mühiti və təşviqlər hesabına ölkəyə sərmayə cəlbi stimullaşdırılmalıdır. Çünki fiskal multiplikator ölkə üzrə deyil, yalnız Qarabağda yenidənqurma zamanı daha yüksək göstəriciyə malik ola bilər. Qarabağın inkişafı proqramı təkcə dövlət deyil, həm də beynəlxalq qurumlar, banklar, xarici və yerli sərmayədarlar və başqa mənbələr hesabına maliyyələşdiriləcək. Dövlət sərmayələri bu mənada stimullaşdırıcı rol oynayacaq”.

V.Qasımlı bildirib ki, 2019-cu ildə icra edilmiş və 2020-ci ilin müvafiq göstəricisi ilə müqayisədə sosial siyasətin həyata keçirilməsi ilə bağlı xərclərin payı 2021-ci ilin dövlət büdcəsində uyğun olaraq 7,8 faiz və 0,2 faiz yüksəlib: “Həmişə olduğu kimi Prezident İlham Əliyevin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Xüsusən də şəhid ailələri və müharibə əlillərinə aid sosial paket əhəmiyyətli genişləndiriləcək”.


Tarix: 1-01-2021, 13:33 Oxunub: 153


Bölməyə aid digər xəbərlər