“Trendyol” Azərbaycanda istehsal edilən məhsulların bu platformada satışının təşkil olunması ilə maraqlanır.
Bəs Azərbaycan məhsullarının “Trendyol”da satışı iqtisadiyyatımıza nə verə bilər?
Məsələ ilə bağlı “Trend”in suallarını cavablayan iqtisadçı-ekspert Eldəniz Əmirov deyib ki, “Trendyol”un Azərbaycanda istehsal edilən məhsulları təqdim etməsi ölkəmizdə birmənalı olaraq istehsala öz töhfəsini verəcək.
Onun sözlərinə görə, bu, öz növbəsində keyfiyyət standartlarının yüksəldilməsi tələblərini ortaya çıxaracaq.
“Trendyol”da satışa çıxarılan məhsullar texniki, eyni zamanda, keyfiyyət göstəriciləri standartlara uyğun olmalıdır ki, alıcılar tərəfindən istehlak edilə bilsin. Eyni zamanda, bu prosesin özü ölkəmizdə yeni bir istehsal mədəniyyətinin formalaşmasına kömək edə bilər.
İxracda lazım olan əlavə xərclərin azaldılmasına xidmət edəcək, zamanla bağlı qənaətin əldə olunmasına imkan verəcək. Bir sözlə, yeni fürsətlər və düzən yarada bilər. Yetər ki, Azərbaycanda istehsal prosesləri sürətləndirilsin. Bu prosesin sürətləndirilməsi, hesab edirəm ki, zəncirvari ticarətə müsbət töhfə verəcək”.
Ekspert vurğulayıb ki, yerli istehsalın əsas problemlərindən biri də fiziki olaraq standartlara cavab vermə məsələsidir.
“Standartlara cavab verən avadanlıqlardan istifadə edilmədiyinə görə geyimlərdə ciddi şəkildə ölçü problemi yaşanır. Belə satış sahələri ilə “Trendyol”da satış həyata keçirmək mümkün olmayacaq”, - deyə o qeyd edib.
Bölməyə aid digər xəbərlər