Azərbaycanın 2024-cü il üzrə dövlət büdcəsində “Azeri Light” markalı neftin 1 barelinin orta ixrac qiymətinin 15 ABŞ dolları artırılması nəzərdə tutulur.
GununNebzi.az xəbər verir ki, bu, Maliyyə Nazirliyinin yaydığı 2024-cü ilin dövlət və icmal büdcələrinə dəyişikliklərin edilməsi ilə bağlı qanun layihəsində əksini tapıb.
Məlumata görə, İqtisadiyyat Nazirliyinin makroiqtisadi proqnozunun baza ssenarisinə dəyişikliklər edilib, neftin bir barrelinin orta illik ixrac qiyməti 60 ABŞ dollarından 75 ABŞ dollarına (ilin ötən dövrü üzrə faktiki satış qiymətləri və ilin qalan dövrü üzrə 70 ABŞ dolları fərz edilməklə, öncəki proqnoza nəzərən 15 ABŞ dolları çox) yüksəldilib. 2024-cü ildə ÜDM-in 121,3 milyard manata (dövlət büdcəsinin layihəsinin tərtibi zamanı təqdim edilmiş proqnoza nəzərən 3 milyard manat çox), o cümlədən qeyri-neft ÜDM-in 84,7 milyard manata (dövlət büdcəsinin layihəsinin tərtibi zamanı təqdim edilmiş proqnoza nəzərən 0,6 milyard manat çox) çatacağı proqnozlaşdırılır.
Yenilənmiş makroiqtisadi proqnoz, dünya neft bazarlarında münbit qiymət dinamikası, cari ilin ötən dövründə dövlət büdcəsinin gəlirlərinin faktiki icra vəziyyəti və dövlət büdcəsində əlavə fiskal məkandan istifadə imkanları 2024-cü il üzrə gəlir proqnozuna yenidən baxılması üçün şərait yaradır.
Bölməyə aid digər xəbərlər