“Bu gün Silahlı Qüvvələrimizin gələcək inkişafı ilə bağlı lazımi addımlar atılır, lazımi silah-sursat, texnika alınır, yeni silahlı birləşmələr yaradılır”.
GununNebzi.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində səsləndirib.
Dövlət başçısı çıxışında sərhəddəki son erməni təxribatından da söz açıb:
“Xüsusi Təyinatlı Qüvvələrin sayı bir neçə dəfə artırılıb, yeni yaradılmış “Komando” silahlı birləşmələrində hərbçilərin sayı minlərlə ölçülür və bu proses davam edir. Biz elə Ordu yaratmışıq ki, - bundan sonra da bu işlər davam edəcək, - heç kim bizə sataşa bilməz və gələcəkdə də belə bir fikirdə ola bilməz. Bu günlərdə Ermənistan tərəfindən törədilmiş yeni təxribata dərhal adekvat cavab verildi, düşmən cəzalandırıldı. Bu, bir daha onlara və əsasən onlara ürək-dirək verən, üstümüzə göndərən qüvvələrə siqnal idi ki, bizim qabağımızda heç kim dura bilməz. Ermənistanın nə qədər havadarları olsa da, heç kim bizi dayandıra bilməz. Bizim siyasətimiz beynəlxalq hüquqa əsaslanır. Bizim Ermənistan ərazisinə iddiamız yoxdur, ancaq onlar da öz iddialarını geri döndərməlidirlər. Bizdən əsassız iddialarla şantaj dili ilə danışmaq onlara baha başa gələcək və onu yəqin ki, hər kəs görür. Beləliklə, ordu quruculuğu prosesi davam etdiriləcək. Bizim dövlət büdcəmizdə bu gün də ən böyük xərclər hərbi xərclərdir və hərbi xərclərlə bərabər, Qarabağ və Şərqi Zəngəzurun bərpasıdır”.
Bölməyə aid digər xəbərlər