Zakir Həsənov vəzifəli şəxslərə göstərişlər verdi

Zakir Həsənov vəzifəli şəxslərə göstərişlər verdi
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə 2024-cü ilin yekunlarına dair Müdafiə Nazirliyinin kollegiya iclası keçirilib.

GununNebzi.az xəbər verir ki, nazir müavinləri, qoşun (qüvvə) növləri komandanları, Əlahiddə Ümumqoşun Ordu Komandanı, Milli Müdafiə Universitetinin rektoru, baş idarə, idarə rəisləri, hərbi birlik və birləşmə komandirlərinin iştirakı ilə videobağlantı formatında keçirilən iclasda ötən ildə görülmüş işlərin yekunları təhlil edilib və 2025-ci ildə qarşıda duran vəzifələr müzakirə olunub.

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ötən ildə ordu quruculuğu sahəsində həyata keçirilən uğurlu islahatlardan danışan müdafiə naziri Ali Baş Komandanın Ordu qarşısında qoyduğu tapşırıqları iştirakçılara çatdırıb.

Daha sonra Azərbaycan-Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti və Azərbaycan Ordusunda 2024-cü il ərzində xidməti-döyüş fəaliyyətləri təhlil edilib.

Kollegiya iclasında çıxış edənlər cari il ərzində Azərbaycan Ordusunun hərbi qulluqçularının 20 ikitərəfli və çoxtərəfli təlimdə iştirak etdiyini, müxtəlif növ hərbi təlim və intensiv döyüş hazırlığı məşğələlərinin keçirilməsi sayəsində qoşunların döyüş qabiliyyətinin, eləcə də şəxsi heyətin peşəkarlığının daha da yüksəldiyini qeyd ediblər.

Qeyd olunub ki, 2024-cü ildə səfərbərlik hazırlığına diqqət daha da artırılıb, səfərbərlik ehtiyatlarının keyfiyyətinin yüksəldilməsi istiqamətində ciddi addımlar atılıb.

Azərbaycan Ordusunda qoşunların təyin olunmuş normalara uyğun vaxtında bütün növ maddi-texniki vəsaitlərlə təmin edilməsi, şəxsi heyətin keyfiyyətli qidalanmasının təşkili, silahların, zirehli və avtomobil texnikasının daim döyüş tətbiqinə hazır vəziyyətdə saxlanılması, hərbi hissələrin raket, döyüş sursatları və digər hərbi avadanlıqlarla təmin edildiyi bildirilib.

2025-ci il üzrə planlaşdırılan fəaliyyətlərdən danışan nazir şəxsi heyətin peşəkarlığına və qoşunların döyüş hazırlığına xüsusi diqqət yetirilməsinin, döyüş hazırlığı səviyyəsinin daha da yüksəldilməsinin, o cümlədən təlimlərin və səhra məşğələlərinin effektivliyinin artırılmasının əhəmiyyətini bir daha vurğulayıb.

Müdafiə naziri qış mövsümündə Azərbaycan Ordusunun bölmələrinin təminat məsələlərinə ciddi nəzarət edilməsi, dayaq məntəqələri və döyüş mövqelərində yaradılan bütün növ ehtiyatların daim diqqət mərkəzində saxlanılması, şəxsi heyətin xidməti və sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması, eləcə də tibbi təminat məsələlərinə dair aidiyyəti üzrə vəzifəli şəxslərə müvafiq göstərişlər verib.

Müdafiə naziri Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə əlaqədar tədbirlərin həyata keçirilməsi, cari ildə bölmələrin döyüş hazırlığına və şəxsi heyətin fərdi peşəkarlığına xüsusi diqqət yetirilməsi, eləcə də cari il ərzində qarşıya qoyulmuş vəzifələrin icrasının yüksək səviyyədə təmin olunması ilə bağlı tələblərini kollegiya iştirakçılarına çatdırıb.


Tarix: Bu gün, 12:06 Oxunub: 1


Bölməyə aid digər xəbərlər