11:23 / 04-12-2024
Ceyhun Bayramov Maltaya getdi
20:44 / 03-12-2024
Rüfət Səfərov saxlanıldı
10:35 / 03-12-2024
Xəyyam Əhmədli vəfat etdi
ABŞ Gürcüstana 95 milyon dollarlıq yardım proqramını dayandırdı

ABŞ Gürcüstana 95 milyon dollarlıq yardım proqramını dayandırdı
ABŞ Gürcüstanda “Xarici təsirin şəffaflığı haqqında” Qanunun qəbul edilməsi ilə əlaqədar olaraq rəsmi Tbilisiyə yardım proqramını dayandırıb.

GununNebzi.az
“Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bu məlumatı ABŞ dövlət katibi Entoni Blinken açıqlayıb.

Onun sözlərinə görə, söhbət Gürcüstan hökumətinə dəstək üçün nəzərdə tutulan 95 milyon dollardan artıq yardım paketinin ayrılmasından gedir.

Amerika diplomatiyasının rəhbəri bu qanunun Qərb dəyərlərinə zidd olduğunu, ölkənin Aİ və NATO-ya üzvlük standartları ilə bir araya sığmadığını söyləyib: bildirib: “Gürcüstan hökumətinin hərəkətlərindən sonra mən ABŞ və Gürcüstan arasında ikitərəfli əməkdaşlığın hərtərəfli nəzərdən keçirilməsini elan etdim. Bu araşdırma nəticəsində ABŞ Gürcüstan hökumətini dəstəkləmək üçün 95 milyon dollardan çox yardımı dayandırır”.

Eyni zamanda, onun sözlərinə görə, bir sıra proqramların maliyyələşdirilməsi davam etdiriləcək: “Gürcüstan hökumətinə yardımımızı dayandırdığımız halda, Birləşmiş Ştatlar Gürcüstan xalqının xeyrinə olan, müstəqil media və iqtisadi inkişafı gücləndirən proqram və fəaliyyətlərə yardım göstərməyə davam edəcək”.

O, həmçinin bildirib ki, 32 illik dostluq və tərəfdaşlıq münasibətləri ərzində ABŞ Gürcüstanın iqtisadiyyatını və demokratik təsisatlarını inkişaf etdirməyə və gücləndirməyə kömək edərək 6,2 milyard dollardan çox yardım göstərib.

ABŞ-dən başqa, Aİ Gürcüstanın inteqrasiya prosesini dayandırıb və Müdafiə Nazirliyinə ayrılan 30 milyon avronu dondurub.

Qeyd edək ki, Gürcüstanda “Xarici təsirin şəffaflığı haqqında” Qanun bu gündən qüvvəyə minib.

Sözügedən qanun qeyri-hökumət təşkilatlarını və medianı xarici dövlətin maraqlarını qoruyan təşkilatlar kimi Milli Dövlət Reyestri Agentliyində qeydiyyatdan keçirməyə məcbur edir.

Gəlirlərinin 20%-dən çoxu xaricdən gələn bütün təşkilatlar üçün reyestrdə qeydiyyat məcburidir. Qanuna görə, qeydiyyatdan keçmiş ildə əldə edilən hər hansı pulun və əmlakın dəyərinin mənbəyi, məbləği və təyinatı haqqında məlumat daxil edilməlidir.

Qanuna riayət etməyən təşkilatların 25 min lariyədək cərimələnməsi nəzərdə tutulur.

Xatırladaq ki, bu ilin mayın 14-də Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” Qanunu üçüncü oxunuşda qəbul edib.

Qanun layihəsinin parlamentdə müzakirəyə çıxarılması ölkədə kütləvi etiraz aksiyalarına və etirazçılarla polis arasında qarşıdurmalara səbəb olub. Gürcüstan Prezidenti Salome Zurabişvili bu qanuna veto qoyub. Mayın 28-də isə Gürcüstan parlamenti Zurabişvilinin qanuna veto qoymasını səs çoxluğu ilə ləğv edib.

Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili isə iyunun 3-ü qanunu ölkə Prezidentinin əvəzinə özü imzalayıb.


Tarix: 1-08-2024, 12:04 Oxunub: 0


Bölməyə aid digər xəbərlər