Binə qəsəbəsində bir ailə qidadan zəhərlənib.
GununNebzi.az-ın məlumatına görə, ailənin kolbasadan zəhərləndiyi bildirilir.
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanladıq. Qurumdan saytımıza bildirildi ki, bu gün saat 10:04 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə qida zəhərlənməsi səbəbilə çağırış daxil olub: “Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub və 6 nəfər müvafiq tibb müəssisəsinə hospitalizasiya olunub.
Onlardan 3 nəfər böyük (2-si qadın cinsli, 1-i kişi cinsli olmaqla) Sabunçu Tibb Mərkəzinə, 3 uşaq isə Mərkəzin nəzdində fəaliyyət göstərən Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına yerləşdirilib.
Hazırda onlara zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir. Vəziyyətləri stabildir”.
***
Hadisə ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən saytımızın sorğusuna cavab olaraq araşdırma aparıldığı bildirilib:
“Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Agentliyin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək”.
Bölməyə aid digər xəbərlər